Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr davam edir.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.
Sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan ümumi təhsil müəssisələrində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur. Rəqəmsal qiymətləndirmələrin tətbiqi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunmasına, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılmasına, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsinə şərait yaradır, həmçinin kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm də daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.
Rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.
Qeyd edək ki, böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.