“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Premyer Liqanın 17-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Xorxe Kaskilya matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə aparırdı. 4 standart vəziyyətdən qol vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdür. Biz bu gün qələbəyə daha yaxın idik.
Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindir. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Dioqo Almeydaya başqa klubdan olan marağa gəlincə, o, hazırda bizim oyunçumuzdur.
Bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər yaxşı nəticələr qazanmaqdır. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdir. Gələcəkdə bu barədə düşünəcəyik”.
