bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist hərəkatın təşviqinə dəstək məqsədli mühüm bir sosial layihə uğurla başa çatmışdır.
Layihə çərçivəsində bp və tərəfdaşları Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) ölkənin görkəmli nonkonformist rəssamlarının əsərlərinin nümayişi üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdiriblər.
Yenilənmə işləri zalların həm estetik, həm də funksional xüsusiyyətlərinin təkmilləşdirilməsinə yönələrək müasir işıqlandırma sistemlərinin qurulması və divar səthlərinin müvafiq olaraq hazırlanması ilə bu dəyərli əsərlərin beynəlxalq muzey standartlarına uyğun optimal texniki və vizual şəraitdə nümayişi və saxlanmasını təmin edir.
Layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, həmçinin ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb və muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb.
XX əsr Azərbaycan nonkonformist rəssamlarının əsərləri Muzeyin kolleksiyasının əhəmiyyətli bir hissəsini təşkil edir. 1960-cı illərdən 1980-ci illərədək fəalliyyətdə olan nonkonformist təsviri sənət cərəyanı sovet dövrünün sosialist realizmindən imtina edərək onun qoyduğu məhdudiyyətlərə qarşı bir hərəkat kimi formalaşmış və Abşeron Rəssamlıq Məktəbinin yaranışına və inkişafına mühüm töhfə vermişdir. Hərəkatın aparıcı nümayəndələri sırasında dünya şöhrətli rəssamlar Mircavad Mircavadov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, və avanqard heykəltəraşlığın əsas nümayəndəsi Fazil Nəcəfov kimi adlar var.
Layihənin ictimaiyyətə təqdimatı münasibətilə Milli İncəsənət Muzeyində keçirilmiş tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli dedi: “Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Bu gün təqdim etdiyimiz layihə Azərbaycanın nonkonformist təsviri sənət məktəbinin təbliğinə birbaşa töhfə verir.
Sevindirici məqamlardan biri də odur ki, muzeyin əsaslı şəkildə yenilənmiş zalları artıq Azərbaycanın nonkonformist rəssamlarının möhtəşəm irsini layiqincə təqdim etmək üçün zəruri avadanlıqlarla təchiz edilib və bu da bu unikal əsərlərin tam dolğunluğu və estetik gözəlliyi ilə ziyarətçilərə çatdırılmasına imkan verir. Yenilənmiş zallar və quraşdırılmış müasir avadanlıq bu mədəni irsin ecazkar gözəlliyinin daha canlı görünüşünə, bu qiymətli əsərlərin bütün rəng çalarlarının və incəliklərinin tam möhtəşəmliyi ilə ictimaiyyətə daha əlçatan olmasına xidmət edir. Ümidvarıq ki, bu layihə nonkonformist rəssamların yaradıcılığına həm ölkədə, həm də beynəlxalq səviyyədə layiq olduqları yüksək qiymətin verilməsinə mühüm töhfə olacaq.”
Ümumi dəyəri 358089 AZN (210640 ABŞ dolları) təşkil edən bu layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.









