Futzal üzrə Azərbaycan milli komandası bu gün Bakıdakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz bu dədə fə Danimarka yığması ilə qarşılaşıb.
İlk oyunla müqayisədə millimizin baş məşqçisi Yevgeni Kukseviç 14-lükdə 3 dəyişiklik etmişdi. Emin Kürdov, Kamran Hacıyev və Qüdrət Qasımzadənin əvəzinə Rövşən Hüseynli, Cavad Məmmədov və Tofiq Əliyev protokola daxil edilmişdi. Məqsəd toplanışa dəvət olunmuş bütün futzalçıları yoxlamaq idi. Nurlan Məmmədov isə səhhətində yaranmış problemlə əlaqədar bu görüşlərdə iştirak edə bilməyib.
Hesab 8-ci dəqiqədə açılıb. Rəqibdən topu “oğurlayan” futzalçılarımız qol sevinci yaşayıblar. Boş qapını dəqiq nişan alan Fərid Abbasov olub. 15-ci dəqiqədə rəqib status-kvonu bərpa etsə də, 18-ci dəqiqədə komandamız yenidən üstünlük qazanıb. Bu dəfə Fərid Abbasov əla ötürmə ilə Emilin fərqlənməsinə şərait yaradıb. 30-cu dəqiqədə Cavad Məmmədov birbaşa qırmızı vərəqə aldığına görə, komandamız 2 dəqiqə azlıqda oynamalı olub. Bu da rəqibin işinə yarayıb və 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Bərabərlik cəmi 1 dəqiqə davam edib. Bu dəfə Ədalət Ələkbərli rəqibindən sıyrılaraq qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 34-cü dəqiqədə rəqib tam heyətlə hücumda olan zaman topu tutan Rövşən Hüseynli boş qapını nişan almaqla fərqi 2 topa çatdırıb.
Xatırladaq ki, bu komandaların arasındakı ilk yoxlama oyununda futzal millimiz 1:4 hesablı məğlubiyyətə üzülmüşdü.
Yoxlama oyunu
24 yanvar
Azərbaycan – Danimarka 4:2
Qollar: Fərid Abbasov, 7:18. Emil Həsənzadə, 17:58. Ədalət Ələkbərov, 30:39. Rövşən Hüseynli, 33:09 – Mads Falk, 14:53, Ruben Vinther, 29:55.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.
Bakı İdman Sarayı. Saat 16:00.
Azərbaycan: 12. Rövşən Hüseynli (k), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 15. Novruz Kazıxanov, 19. Cavad Məmmədov, 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 14. Tofiq Mikayılov, 17. Ədalət Ələkbərov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.
Danimarka: 1. Villiam Rams, 5. Mohammed Youseef, 6. Abbas Zankaneh, 10. Mads Falk (k), 15. Tobias Veng, 16. Niklas Fuchs-Kristiansen, 2. İbrahim Badran, 3. Ruben Vinther, 4. Kornelius Ambek-Norgaard, 7. Kasper Rasmussen, 8. Rasmus Philipsen, 9. Esajas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic.
Baş məşqçi: Nikolay Saabye.
