AZ

Antuan Qrizmann uzun müddətə sıradan çıxdı – ARENA.AZ

İspaniyanın “Atletiko” (Madrid) klubunun fransalı futbolçusu, 34 yaşlı hücumçu Antuan Qrizmann uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu komandanın məşqi zamanı sol ayaq əzələsindən zədələnib. 34 yaşlı forvardın yaşıl meydanlara qayıdış tarixi müalicə prosesindən asılı olacaq.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, San-Sebastyan klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro məbləğ müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 30 oyuna çıxıb, 10 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 475 oyun, 208 qol və 94 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı fransalı hücumçunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
34
6
arena.az

10Mənbələr