İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında icbari tibbi sığorta üzrə 2025-ci ilin əsas tibbi statistik göstəricilərini ictimaiyyətin diqqətinə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb. Bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir. Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Bildirilib ki, pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb. Zaur Əliyev qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir. Vurğulanıb ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir. Diaqnoz qrupları üzrə statistikaya toxunan Zaur Əliyev bildirib ki, ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır. Ödəniş strukturuna dair məlumat verən Agentlik sədri qeyd edib ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur. Belə ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edir. İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də prosesə cəlb edilir. Vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir. Bildirilib ki, icbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə də artmaqdadır. 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 % artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin ötən illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib. İradə SARIYEVA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta