AZ

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub. Vurğulanıb ki, ölkələrimizin liderlərinin birgə səyləri və şəxsi münasibətləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında, habelə xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə imkan verib və bu gün ölkələrimiz bir çox sahələrdə geniş və uğurlu əlaqələrə malikdir.

Milli Məclisin sədri, Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyünü xatırladaraq, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr parlament platformasında da uğurla davam etdirilir və son dövrlər qanunvericilik orqanlarımız arasında təmaslar və qarşılıqlı səfərlər daha da artıb. O cümlədən, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.

Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasının uğurla təşkil olunduğunu qeyd edərək, bu kimi beynəlxalq tədbirlərin bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
47
15
sia.az

10Mənbələr