ABŞ Venesuelanın yeni rəhbərliyindən maksimum əməkdaşlıq əldə etmək məqsədilə, digər üsullar nəticə vermədiyi təqdirdə, güc tətbiq etməyə hazırdır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Rubio qeyd edib ki, Vaşinqton güc tətbiqinə ehtiyac qalmayacağına ümid edir. Bununla belə, o vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası “Amerika xalqı qarşısındakı borcundan” və “bu yarımkürədəki missiyasından” imtina etməyəcək.
Dövlət katibinin sözlərinə görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkənin enerji sektorunu ABŞ şirkətləri üçün açmağa, neft hasilatına üstünlüklü çıxış verməyə və neft satışından əldə olunan vəsaitləri Amerika məhsullarının alınmasına yönəltməyə söz verib.
Bununla yanaşı, iki gün əvvəl Rodriges Vaşinqtonun Venesuelanın daxili siyasətinə dair göstərişlərindən “bəs etdiyini” bildirib və vətəndaşları milli birliyə çağırıb.
Nuriyyə NATİQQIZI