
Kinorejissor Ziya Şıxlinskinin APA-ya müsahibəsi
— Ziya müəllim, Azərbaycan Kinematoqrafçılar İttifaqında neçə katib var?
— Maraqlıdır ki, Yazıçılar İttifaqı daha böyükdür, amma orada Anar sədrdir, Çingiz Abdullayev katibdir... Üç nəfər də başqa katib var. Ümumilikdə beş nəfərdir. Bizdə Rasim Balayev sədrdir, 14 nəfər də katib var (gülür).
— Siz də katibsiniz…
— Mən də 14 nəfərin içindəyəm. Əsas prezident təqaüdüdür. Mənə əsas o lazımdır. O da var.
— Katib kimi sizə maaş yazılmır?
— Xeyr, çünki mən işləmirəm. Montaj edirəm və sənin kimi yaxşı oğlanlar və xanımlar müsahibə üçün zəng edir. Deyirəm, yalnız ittifaqda mümkündür və bura çağırıram.

İsmayıl Şıxlı ilə münasibətim yaxşı idi
— Burada çəkdiyiniz filmlər üçün qonorar almırsınız?
— Hökumə Əliyevaya həsr olunmuş sənədli filmdən mən bir qəpik də qazanmamışam. Bir günlük çəkiliş üçün Gəncəyə getdik və elə həmin gün də qayıtdıq. Həmin səfərin xərcini İttifaq çəkdi.
— Bəs filmlərinizi əsasən, öz vəsaitinizə çəkirsiniz?
— Hə. Yusif Səmədoğlu haqqında olan sənədli filmin çəkilişi zamanı Qazaxda o qədər xərcimiz çıxmadı. Düzdür, yol və sair kimi şeylərə xərc gedirdi. Ancaq operatorumuz - Yura (Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, operator Yuri Varnovski – red.) bir qəpik pul almadı.
— Ziya müəllim, məşhur Şıxlınskilər nəslindənsiniz. Kimlərlə qohumluğunuz var?
— Səni kim maraqlandırırsa, de, mən sənə deyim.
— Şıxlınski deyəndə mənim ağlıma ilk növbədə İsmayıl Şıxlı gəlir.
— İsmayıl Şıxlı atamla əmi oğludur. Amma mən İsmayıl Şıxlı ilə ona görə yaxın olmuşam ki, universitetdə filologiya fakültəsində oxuyanda o da xarici ədəbiyyat kafedrasının müdiri idi. Mən universiteti bitirəndə xarici dil və ədəbiyyat kafedrasının müdiri Əkbər Ağayev (tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru – red.) İsmayıl Şıxlıya zəng edib deyib: “Ay İsmayıl, o uşağın başına ağıl qoy” (gülür). Soruşub ki, nə olub? O da deyib ki, mən onu kafedrada saxlamaq istəyirəm, amma Ziya getmək istəyir, deyir mənə diplom lazımdır. Ay İsmayıl, o, 50-ci ildən sonrakı xarici ədəbiyyatı məndən yaxşı bilir. Bax, həmin vaxt İsmayıl Şıxlı ilə Əkbər Ağayev arasında belə söhbət olubmuş. Mən o vaxtlar çox oxuyurdum. İsmayıl Şıxlı ilə də münasibətim yaxşı idi.

Marina Tarkovskaya dedi ki, sizin soyadınızı çox eşitmişəm
— Ananız da Şıxlınskilərdən olub?
— Mənim atam da, anam da Şıxlınski idi.
— Sovet vaxtı yetərincə tanınmış soyad idi.
— Sən Andrey Tarkovski barədə eşitmisən?
— Bəli.
— Onun bacısı Marina Tarkovskaya və oğlu Arseni Tarkovski ilə tanışam. Deməli, Rusiyanın İvanovo şəhərində Andrey Tarkovski adına “Zerkalo” V Beynəlxalq Film Festivalı keçirilirdi. Mən də “Tahir Salahov” sənədli filmini özümlə aparmışdım. Tədbirdə məni Tarkovskinin bacısı və oğlu ilə bir yerdə əyləşdirmişdilər. Mən də birinci dəfə idi orada idim. Dedim, icazə olar, özümü təqdim edim? Kino rejissoru Ziya Şıxlinskiyəm. O saat bacısı Marina Tarkovskaya dedi ki, sizin soyadınızı çox eşitmişəm. Mən ondan hardan eşitdiyini soruşanda dedi ki, atası Rəsul Rzanın “Lenin” poemasını tərcümə edəndə tez-tez Bakıya gedirmişlər.

— O zaman deyə bilərik ki, Şıxlinski soyadının nüfuzu sizə çox kömək olub?
— Mən Polşada olanda hamı mənə “Pan Şıxlinski” deyirdi. “Pan” bəy deməkdir, yəni “Bəy Şıxlinski” (gülür).
Məni işə götürmədi, çünki onunla arası yox idi
– Bəs Azərbaycanda necə, rejissor fəaliyyəti ilə təzə-təzə məşğul olmağa başlayanda sizə mane olurdu?
– Bir az mane olurdu. O vaxt Adil İsgəndərov məni kinostudiyada işə götürmədi ki, Tofiq Tağızadə nəyindir? (Azərbaycan kinorejissoru – red.) Dedim ki, əşi, Tofiq Tağızadə mənim heç nəyim deyil, həyat yoldaşı uzaq qohumumdur. Məni işə götürmədi, çünki onunla arası yox idi. Bizdə soyad birdir deyə hamı qohum olduğunu bilir. Elə adam var ki, əmim uşağı, dayı uşağı, bibi uşağıdır, amma soyadları fərqlidir deyə qohum olduqları bilinmir.
– Ziya müəllim, o vaxtlar sənədli filmlər indikinə nisbətən daha çox çəkilirdi?
– Əlbəttə, hətta plan var idi. Sənədli filmlərlə yanaşı bədii filmlər də çox çəkilirdi. İldə dörd bədii film, demək olar ki, dörd dənə də televiziya filmi çəkilirdi. İldə təxminən iyirmi film ərsəyə gəlirdi.

– Bəs sənədli filmlər indi niyə az çəkilir? Siz illərdir bu işin içindəsiniz, bilərsiniz.
– Günah özümüzdədir. Bir dəfə Rasim Balayevə dedim ki, ay kişi, belə işləmək olmaz, siz ancaq pul istəyirsiniz. Əbülfəs Qarayev mədəniyyət naziri olan vaxtda kino şöbəsində hamısı mənim tay-duşum idi. Deyirdim ki, əşi, yeyin e, amma ortalığa bir şey çıxaraq (gülür).
– Yəni tələbat var, amma təklif yoxdur?
– Bilirsən, mənim təxminən 30 sənədli filmim var. Onun 20-si sponsor filmidir. 4–5 dənə də filmim var, onları da öz hesabımıza çəkmişik, heç montaj üçün də pul almamışıq. Əziyyətli filmlər idi, çəkmirdilər, mən çəkdim.
– Hazırda hansı filmin üzərində işləyirsiniz?
– Yusif Səmədoğlu haqqında sənədli film çəkmişik.
– Proses hansı mərhələdədir?
– Çəkilişlər bitib. Bu yaxınlarda montajçı ilə görüşüm var, montaja başlayacağıq. Uzağı ay yarımlıq işdir. Əsas məqsədim odur ki, Novruz bayramı ərəfəsində onu Qazaxda göstərim.
– Niyə məhz həmin ərəfədə?
– Çünki martın 21-də Səməd Vurğunun 100 illiyidir. Ona görə həmin vaxt filmi nümayiş etdirmək istəyirəm. Bir də mənim 10 dəqiqəlik bir filmim var. Bu filmi Səməd Vurğunun 80 illiyində çəkmişdim. Onu da göstərmək istəyirəm.

“Gün keçdi”nin vaxtları keçib
– “Azərbaycan motivləri” sənədli filmini çəkmək fikri necə yarandı?
– Bu hadisə 2008-ci ildə olub. Məni nazirliyə çağırdılar. Dedilər ki, bu il Bakıda Avropa və Asiya mədəniyyət nazirlərinin görüşü olacaq. İstərdik ki, Azərbaycan mədəniyyəti, incəsənəti, arxitekturası, adət-ənənələri – bir sözlə, Azərbaycan haqqında film çəkilsin. Bu filmin ssenarisi Rəhman Bədəlova tapşırılmışdı. O, çox maraqlı ssenari yazdı. Ssenari belə başlayırdı ki, bir xanım Bakıya qonaq gəlir, onu cavan oğlan qarşılayır və şəhəri göstərir. Dedim, Rəhman, bilirsən nə var? “Gün keçdi”nin vaxtları keçib. O vaxt şəhər şəhər idi, indi isə o şəhər deyil. Mən başqa cür düşünmüşəm. İcazə ver, hazırlayım, sonra ssenarist kimi bəyənib-bəyənmədiyini deyərsən. Mən baletdən, operadan səhnələr göstərdim, sonra arxitektura ilə bağlı kadrlar, heykəllər, arxa fonda musiqilər verdim. Mövzu yoxdur. Rəhman baxanda gördü ki, ssenaridən kənar bir şeydir, amma kino kimi bəyəndi və razılıq verdi. Hamı bəyəndi. Daha sonra bu filmlə Aşqabada getdim. Orada çox maraqlı kino forumu keçirilirdi. Filmi nümayiş etdirdim və çox bəyəndilər. Hədiyyələr verdilər. Türkmənistan Prezidenti mənim də sıralarında olduğum beş nəfərə bahalı xalçalar bağışladı.
– Sizin filmlərinizdə milli identiklik və tarixi motivlər çox önəmlidir. Bu yanaşmanı seçməyinizin əsas səbəbləri nələrdir?
– Mənim ilk sənədli filmimin adı “Хотят ли русские войны?” (“Ruslar müharibə istəyirmi?”) idi. 20 Yanvar hadisəsi baş verəndən bir həftə sonra bu film üzərində işləməyə başladım. Mən film üçün açar tapmışdım ki, təkcə Azərbaycanda yox, bütün ölkələr bu filmə münasibət bildirə bilsin. Mən öz filmlərimdə çalışırdım ki, insanlar düşünsün, onları düşünməyə çağırırdım.
Bakının faciəsini öz faciələri kimi qəbul edirlər
– Dediyiniz detalı necə tapdınız?
– Başqa ölkələrdə 20 Yanvara bənzər baş vermiş hadisələri əvvəl göstərdim ki, bizim faciəni öz faciələri kimi qəbul etsinlər. Bununla da filmdə əvvəl digər ölkələrdə müxtəlif illərdə baş vermiş hadisələri, ən sonda isə Bakıda yaşanan faciəni göstərdim. Beləliklə, bu filmə xaricdə baxanda Bakının faciəsini öz faciələri kimi qəbul edirdilər. Əvvəllər Tbilisinin adını yazırdılar, Bakını isə yazmırdılar. Bu filmdən sonra Bakının da adını yazmağa başladılar.

Ondan sonra mənim yaxın bir biznesmen qohumum var idi. O mənə dedi ki, biz səninlə fəxr edirik, sən yenə niyə kino çəkmirsən? 1995-ci ildə də kino ölmüşdü. Kino Lenin kimi idi. Düzdür, indi də elədir. Ölüb, basdıranı yoxdur. Kino haqqında danışırlar, mükafatlar verirlər. Amma küçədə bir adamı saxla, soruş ki, sən son 10 ildə axırıncı dəfə Azərbaycanın hansı filminə baxmısan? Deyəcək ki, get işinlə məşğul ol.
Nəysə, o vaxt dedi ki, bəs sən nə çəkə bilərsən? Dedim, mənim yaxşı materiallarım var. Fikrim də var ki, general Əliağa Şıxlinski haqqında film çəkim. Dedi ki, o təkcə Qazaxın yox, Azərbaycanın da fəxridir. Sponsorluq etdi, 5 min dollar pul verdi. Dedi ki, mən buradan maraqlanmışam, o pula film çəkmək olmur. Mən də dedim ki, mən çəkəcəyəm. O vaxt da dollar dollar idi. Mən filmi çəkdim. 18 dəqiqəlik film idi, özü də iki dildə – Azərbaycan və rus dillərində. 1995-ci ilin oktyabrında filmi çəkməyə başladım. General Əliağa Şıxlinskiyə həsr olunan “Artilleriyanın Allahı sayılırdı” filminin 1996-cı ilin may ayının sonu – iyunun əvvəllərində premyerası oldu.
– Yaradıcılığınızda tanınmış şəxsiyyətlərə həsr olunmuş çoxlu sənədli filmlər var. Hansı meyarlara görə bir insan və ya hadisə filmin mərkəzinə çevrilir?
– Azərbaycan musiqisində Üzeyir bəy, poeziyasında Səməd Vurğun olduğu kimi, elmdə də Yusif Məmmədəliyev var. Yusif Məmmədəliyevin 100 illiyi olanda mən onun qohumuna müraciət etdim. O da kişi kimi sponsorluq etdi. Nəticədə ona layiqli, yaxşı film çəkildi. Film Azərbaycan, ingilis və rus dillərində təqdim olundu.
Mənim Mstislav Rostropoviç haqqında da filmim var. O vaxt bir xanım yazı yazmışdı. O yazmışdı ki, bu rejissora xas bir xüsusiyyət var: o, sanballı adamlar haqqında filmlər çəkir. Ona görə də ittifaqın mənim ürəyimə çox yatan bir mükafatı var idi, Rüstəm müəllim (Rüstəm İbrahimbəyov – red.) onu o vaxt mənə verdi – Azərbaycanın tarixini, mədəniyyətini və tarixi şəxsiyyətlərini işıqlandırdığıma görə. Həmçinin, Tahir Salahov, İmran Qasımov, İsmayıl Şıxlı, İsa Hüseynov və başqaları barədə də sənədli filmlər çəkmişəm.

Mən heç vaxt Rüstəm İbrahimbəyovla dost olmamışam
– Rüstəm İbrahimbəyovun adını çəkdiniz. Onunla münasibətiniz necə idi?
– Mən heç vaxt Rüstəm İbrahimbəyovla dost olmamışam. Çünki bizim həm yaş fərqimiz var, həm də ən əsası – çəkimiz bir deyildi (gülür). Amma Rüstəmlə, onun qardaşı Maqsudla, Yusif Səmədoğlu ilə etibarlı münasibətimiz olub. Biz dost deyildik, amma bir-birimizə etibar edirdik.
İttifaq bölünəndə məni ora çağırmadılar, bilmədim niyə. Halbuki mən onda ittifaqın üzvü idim. Rüstəm də ilk dəfə mənimlə “siz” deyə danışırdı. Deyirdi ki, mən başa düşmürəm, siz niyə ittifaqa gəlmirsiniz? Dedim ki, əşi, ittifaq mənsiz də var. Mən ittifaqa gələndə bir xahiş üçün gəlirdim: “Olar, kinomu göstərim?” Şəxsi xahişlərim olmurdu.
İttifaqlar bölünəndə mən Rüstəm İbrahimbəyovun olduğu ittifaqa getdim. Çünki o, Rüstəmin ittifaqı deyildi. Ora Həsən Seyidbəylinin və Lətif Səfərovun ittifaqı idi. Rüstəmdən xoşunuz gəlmir? Məsələ qaldırın, qurultay keçirin. Deyin ki, biz ona inanmırıq, yeni sədr seçmək istəyirik. Rüstəm burada ola-ola demirsiniz, amma o olmayanda deyirsiniz ki, biz kinonun taleyini həll etmək üçün iclas keçiririk. Kinonun taleyi ittifaqın bölünməsidirmi? Hamı eyni fikirdə olmadı deyə nəticədə yarısı belə, yarısı elə bölündü.

– Sonra da birləşdi.
– Tam şəkildə birləşdi. Ona görə Rasim Balayevi sədr seçdilər. Şəfiqə Məmmədova o ittifaqda rəhbər idi, onu birinci katib seçdilər. O ittifaqın adamları bu ittifaqın heyətinə əlavə olundu.
Nizami Kino Mərkəzinə baxanda adamın ürəyi ağrıyır
– Birləşmə kinonun inkişafı üçün ümid verirmi?
– Mən naziri bir dəfə görmüşəm, nazir müavinlərinin hamısını tanıyıram. Mən nazirliyə gedən adam deyiləm. Bir dəfə Mədəniyyət Nazirliyində dedim ki, gəlin, belə bir eksperiment keçirək. Dedim, iki il imkan verin, kinonun tematik planını ittifaq qursun. Özü də o komissiyada elə adamlar olsun ki, nə özləri film çəkəcəklər, nə yazacaqlar, nə də nəyisə pozacaqlar. Şəxsi maraqları olmayacaq. Amma mənə qulaq asmadılar.
Bir dəfə də mədəniyyət nazirinə dedim ki, bilirsiniz, keçmiş sovet respublikalarının hamısında kino mərkəzi var və həmin kino mərkəzi ittifaqlara baxır. Hər yerdə belədir. Nizami Kino Mərkəzinə baxanda adamın ürəyi ağrıyır. Baxırsan, nə səhər, nə də axşam qarşısında adam var. Hətta bir dəfə görməzsən ki, iki nəfər dayanıb qabağında söhbət etsin (gülür). Dedim ki, mənim bunu diriltmək üçün yolum var, pul da lazım deyil. Siz onu bizə verin. Oranı diriltmək lazımdır.
Bizdə faciə bilirsiniz nədir? ARKA var, orada 25 nəfər işləyir. Mədəniyyət Nazirliyində də kinoya baxan, tutalım, 5 nəfər var. Gedirsən nazirliyə, deyirlər ki, buraya nahaq gəlmisən, get ARKA-ya. ARKA-ya gedirsən, deyirlər ki, biz heç nəyi həll etmirik, gedin nazirliyə. Bizə sərbəstlik lazımdır. Çünki kino yeganə mədəniyyət sahəsidir ki, sərbəstlik istəyir. Kinostudiyanı bərpa etmək lazımdır. Hazırda bizdə bir dənə də kinoprokаt yoxdur. Poliqonları da veriblər televiziya kanallarına.

– Yəni bir yerin olması lazımdır?
– Bəli. Elə bir yer ki, “hə”ni də, “yox”u da o desin. İndiki kimi biri ora, o biri bura göndərməsin. Ən əsas problem isə bayaq dediyim kimidir: baxmırlar kimsən, baxırlar kimləsən.
– Tutaq ki, Kino Agentliyi var, film sifariş verir. Amma onun da sifariş verdiyi filmlərdə xüsusi maraqları olur. Bu necə tənzimlənəcək? Nazirlik deyir ki, biz dövlətin sözünü söyləyirik.
– Boş söhbətdir. Dövlət bu işə pul verir və qarışmır. Əslində heç maraqlanmamağı da pisdir. Onda havayı pul verməyin. Pul verilir, amma baxılır kimə, nəyə.
– Sənədli kino çəkən adam nə ilə barışmalıdır?
– “Ruslar müharibə istəyirmi?” filmini çəkəndə mənə heç kim ilişmirdi. Bəziləri deyirdi ki, materialı cibimdən çıxarmışam, nə bilim nə. Boş-boş söhbətlər idi. Mən materialları Moskvadan da, Tbilisidən də, Almatıdan da gətirmişdim. Bir nəfər də heç nə demirdi. Amma tanklar şəhərdə dayanmışdı. Döşümə vurub demirəm ki, qəhrəman idim, məni tutdular, zədələdilər, amma sınmadım. Heç kim mane olmurdu.
İndi istənilən mövzu haqqında film çəkə bilərsən. Əsas odur ki, oxuyan adam başa düşsün: bu ssenari sabah alınacaq, ya yox? O isə çətin məsələdir. Kino elə bir sahədir ki, çəkilməmişdən əvvəl onun haqqında nəsə demək çətindir. Çünki rejissor və ssenarini oxuyan adam səhnəni fərqli cür görür.

O adamlar müharibə vaxtı Bakıda isti yorğan-döşəkdə yatıblar
– “Salnaməfilm” studiyası bağlandı. Bəs oranın gördüyü işləri kim görəcək? Sənədli xronikanın aqibəti necə olacaq?
– Belə şeyləri sifarişlə çəkmək düzgün deyil. Kimin ürəyi ağrıyırsa, kim bunu faciə kimi öz içindən keçirirsə, o adam gəlməlidir və deməlidir ki, mən bu barədə film çəkmək istəyirəm. Planım da budur.
Bir dəfə nazirlik mənə sifariş verdi. Filmin adı “Dua” idi. Film Xocalı haqqında idi. Ssenarisi pis deyildi. Amma Rafiq Quliyev (kinooperator, Azərbaycanın əməkdar incəsənət xadimi – red.) istəyirdi ki, muğam üzərində qurulsun. O vaxt muğam çox dəbdə idi. Mən filmdə “Bayatı-Şiraz” muğamından və ona bənzər musiqilərdən istifadə etdim. Baxanlar gördü ki, bu, bütün dünya üçün faciədir. Mən filmi ssenaridən fərqli çəkdim. Azərbaycanda bütün dinlərə mənsub insanların bu faciədə həlak olanlara necə dua etdiklərini göstərdim. Film çox uğurlu alındı və Qırğızıstanda mükafat qazandı.
Mən bəzi bədii filmlərə baxmışam. O filmləri çəkənlər müharibə vaxtı Bakıda isti yorğan-döşəkdə yatıblar. Mənim kimiləri isə haralara gediblər. Bir filmdə görməmişəm ki, məsələn, Şəmkir, Qazax, Naxçıvan göstərilsin. Oturub çay içirlər, söhbət edirlər, birdən işıq sönür. Çünki bunların xəbəri yoxdur ki, müharibə vaxtı rayonlarda işıq sönürdü. Mən heç kimi tənqid etmək istəmirəm. Lakin müharibə kimi vacib bir mövzunun üzərindən spekulyasiya qəbulolunmazdır.