AZ

Kino ölüb, basdıranı yoxdur - Ziya Şıxlinski

Kinorejissor Ziya Şıxlinskinin APA-ya müsahibəsi

Ziya müəllim, Azərbaycan Kinematoqrafçılar İttifaqında neçə katib var?

— Maraqlıdır ki, Yazıçılar İttifaqı daha böyükdür, amma orada Anar sədrdir, Çingiz Abdullayev katibdir... Üç nəfər də başqa katib var. Ümumilikdə beş nəfərdir. Bizdə Rasim Balayev sədrdir, 14 nəfər də katib var (gülür).

— Siz də katibsiniz…

— Mən də 14 nəfərin içindəyəm. Əsas prezident təqaüdüdür. Mənə əsas o lazımdır. O da var.

Katib kimi sizə maaş yazılmır?

— Xeyr, çünki mən işləmirəm. Montaj edirəm və sənin kimi yaxşı oğlanlar və xanımlar müsahibə üçün zəng edir. Deyirəm, yalnız ittifaqda mümkündür və bura çağırıram.

İsmayıl Şıxlı ilə münasibətim yaxşı idi

Burada çəkdiyiniz filmlər üçün qonorar almırsınız?

— Hökumə Əliyevaya həsr olunmuş sənədli filmdən mən bir qəpik də qazanmamışam. Bir günlük çəkiliş üçün Gəncəyə getdik və elə həmin gün də qayıtdıq. Həmin səfərin xərcini İttifaq çəkdi.

Bəs filmlərinizi əsasən, öz vəsaitinizə çəkirsiniz?

— Hə. Yusif Səmədoğlu haqqında olan sənədli filmin çəkilişi zamanı Qazaxda o qədər xərcimiz çıxmadı. Düzdür, yol və sair kimi şeylərə xərc gedirdi. Ancaq operatorumuz - Yura (Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, operator Yuri Varnovski – red.) bir qəpik pul almadı.

Ziya müəllim, məşhur Şıxlınskilər nəslindənsiniz. Kimlərlə qohumluğunuz var?

— Səni kim maraqlandırırsa, de, mən sənə deyim.

Şıxlınski deyəndə mənim ağlıma ilk növbədə İsmayıl Şıxlı gəlir.

— İsmayıl Şıxlı atamla əmi oğludur. Amma mən İsmayıl Şıxlı ilə ona görə yaxın olmuşam ki, universitetdə filologiya fakültəsində oxuyanda o da xarici ədəbiyyat kafedrasının müdiri idi. Mən universiteti bitirəndə xarici dil və ədəbiyyat kafedrasının müdiri Əkbər Ağayev (tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru – red.) İsmayıl Şıxlıya zəng edib deyib: “Ay İsmayıl, o uşağın başına ağıl qoy” (gülür). Soruşub ki, nə olub? O da deyib ki, mən onu kafedrada saxlamaq istəyirəm, amma Ziya getmək istəyir, deyir mənə diplom lazımdır. Ay İsmayıl, o, 50-ci ildən sonrakı xarici ədəbiyyatı məndən yaxşı bilir. Bax, həmin vaxt İsmayıl Şıxlı ilə Əkbər Ağayev arasında belə söhbət olubmuş. Mən o vaxtlar çox oxuyurdum. İsmayıl Şıxlı ilə də münasibətim yaxşı idi.

Marina Tarkovskaya dedi ki, sizin soyadınızı çox eşitmişəm

Ananız da Şıxlınskilərdən olub?

— Mənim atam da, anam da Şıxlınski idi.

Sovet vaxtı yetərincə tanınmış soyad idi.

— Sən Andrey Tarkovski barədə eşitmisən?

Bəli.

— Onun bacısı Marina Tarkovskaya və oğlu Arseni Tarkovski ilə tanışam. Deməli, Rusiyanın İvanovo şəhərində Andrey Tarkovski adına “Zerkalo” V Beynəlxalq Film Festivalı keçirilirdi. Mən də “Tahir Salahov” sənədli filmini özümlə aparmışdım. Tədbirdə məni Tarkovskinin bacısı və oğlu ilə bir yerdə əyləşdirmişdilər. Mən də birinci dəfə idi orada idim. Dedim, icazə olar, özümü təqdim edim? Kino rejissoru Ziya Şıxlinskiyəm. O saat bacısı Marina Tarkovskaya dedi ki, sizin soyadınızı çox eşitmişəm. Mən ondan hardan eşitdiyini soruşanda dedi ki, atası Rəsul Rzanın “Lenin” poemasını tərcümə edəndə tez-tez Bakıya gedirmişlər.

O zaman deyə bilərik ki, Şıxlinski soyadının nüfuzu sizə çox kömək olub?

— Mən Polşada olanda hamı mənə “Pan Şıxlinski” deyirdi. “Pan” bəy deməkdir, yəni “Bəy Şıxlinski” (gülür).

Məni işə götürmədi, çünki onunla arası yox idi

Bəs Azərbaycanda necə, rejissor fəaliyyəti ilə təzə-təzə məşğul olmağa başlayanda sizə mane olurdu?

– Bir az mane olurdu. O vaxt Adil İsgəndərov məni kinostudiyada işə götürmədi ki, Tofiq Tağızadə nəyindir? (Azərbaycan kinorejissoru – red.) Dedim ki, əşi, Tofiq Tağızadə mənim heç nəyim deyil, həyat yoldaşı uzaq qohumumdur. Məni işə götürmədi, çünki onunla arası yox idi. Bizdə soyad birdir deyə hamı qohum olduğunu bilir. Elə adam var ki, əmim uşağı, dayı uşağı, bibi uşağıdır, amma soyadları fərqlidir deyə qohum olduqları bilinmir.

Ziya müəllim, o vaxtlar sənədli filmlər indikinə nisbətən daha çox çəkilirdi?

– Əlbəttə, hətta plan var idi. Sənədli filmlərlə yanaşı bədii filmlər də çox çəkilirdi. İldə dörd bədii film, demək olar ki, dörd dənə də televiziya filmi çəkilirdi. İldə təxminən iyirmi film ərsəyə gəlirdi.

Bəs sənədli filmlər indi niyə az çəkilir? Siz illərdir bu işin içindəsiniz, bilərsiniz.

– Günah özümüzdədir. Bir dəfə Rasim Balayevə dedim ki, ay kişi, belə işləmək olmaz, siz ancaq pul istəyirsiniz. Əbülfəs Qarayev mədəniyyət naziri olan vaxtda kino şöbəsində hamısı mənim tay-duşum idi. Deyirdim ki, əşi, yeyin e, amma ortalığa bir şey çıxaraq (gülür).

Yəni tələbat var, amma təklif yoxdur?

– Bilirsən, mənim təxminən 30 sənədli filmim var. Onun 20-si sponsor filmidir. 4–5 dənə də filmim var, onları da öz hesabımıza çəkmişik, heç montaj üçün də pul almamışıq. Əziyyətli filmlər idi, çəkmirdilər, mən çəkdim.

Hazırda hansı filmin üzərində işləyirsiniz?

– Yusif Səmədoğlu haqqında sənədli film çəkmişik.

Proses hansı mərhələdədir?

– Çəkilişlər bitib. Bu yaxınlarda montajçı ilə görüşüm var, montaja başlayacağıq. Uzağı ay yarımlıq işdir. Əsas məqsədim odur ki, Novruz bayramı ərəfəsində onu Qazaxda göstərim.

Niyə məhz həmin ərəfədə?

– Çünki martın 21-də Səməd Vurğunun 100 illiyidir. Ona görə həmin vaxt filmi nümayiş etdirmək istəyirəm. Bir də mənim 10 dəqiqəlik bir filmim var. Bu filmi Səməd Vurğunun 80 illiyində çəkmişdim. Onu da göstərmək istəyirəm.

“Gün keçdi”nin vaxtları keçib

Seçilən
11
5
aznews.az

6Mənbələr