AZ

ABŞ hakimiyyəti yarım əsrdən sonra miqrant axınının mənfi olacağını proqnozlaşdırır

Yeni demoqrafik qiymətləndirmələr xarici miqrasiyanın kəskin azalmasını göstərir...

Poliqon xəbər verir ki, ABŞ Siyahıyaalma Bürosu tərəfindən təqdim olunan Vintage 2025 demoqrafik qiymətləndirmələri ölkədə xarici miqrasiya hesabına əhali artımının kəskin şəkildə zəiflədiyini ortaya qoyub. Hesabata əsasən, 2024-cü il iyulun 1-dən 2025-ci il iyunun 30-dək olan dövrdə xalis beynəlxalq miqrasiya göstəricisi (NIM) 1,3 milyon nəfər təşkil edib. Bu rəqəm bir il əvvəl 2,7 milyon idi.

Sənəddə qeyd olunur ki, 2026-cı ilin iyuluna qədər NIM göstəricisi 321 min nəfərə qədər enə bilər. Əgər bu tendensiya davam edərsə, ABŞ-də son 50 il ərzində ilk dəfə olaraq ölkəni tərk edənlərin sayı gələn miqrantların sayını üstələyəcək.

Eyni zamanda, büro əhali artım tempinin də azaldığını açıqlayıb. 2024-cü il iyulun 1-dən 2025-ci il iyulun 1-dək ABŞ əhalisi cəmi 1,8 milyon nəfər artıb. Əvvəlki dövrdə bu göstərici 3,2 milyon nəfər təşkil edirdi. Qurumun vurğuladığına görə, bu, COVID-19 pandemiyasının başlanmasından bəri ölkədə qeydə alınan ən zəif əhali artımıdır.

Qeyd olunur ki, 2025-ci ilin yanvarında andiçmə mərasimindən sonra ABŞ prezidenti Donald Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bir həftə əvvəl bildirib ki, prezident administrasiyasının fəaliyyəti dövründə təxminən 3 milyon qeyri-qanuni miqrant ölkəni tərk edib. Onun sözlərinə görə, onlardan 2,2 milyon nəfər ABŞ ərazisini könüllü şəkildə tərk edib, 675 mindən çox şəxs isə məcburi qaydada deportasiya olunub. Nazir bu məlumatları X sosial şəbəkəsində paylaşıb.

Poliqon.info

Seçilən
20
14
poliqon.info

10Mənbələr