Bu gün Masallı rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin Mərkəz qarşısında ucaldılan heykəli ziyarət edilərək gül dəstələri düzülüb.
Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Elman Nəsirov, Cavanşir Paşazadə, Fəzail İbrahimli, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, eləcə də rayonun hüquq mühafizə və idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələrinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq deputat Anar İsgəndərovun zəngin elmi və ictimai-siyasi fəaliyyətindən bəhs edib, onu yubileyi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Milli Məclisin deputatları Məşhur Məmmədov çıxış edib. Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, Anar müəllim təkcə tanınmış alim və deputat deyil, o, elmi düşüncəsi, prinsipial mövqeyi, vətənə və gənclərə bağlılığı ilə seçilən bir ziyalıdır. Onun illər ərzində Azərbaycan elminə, təhsilinə verdiyi töhfələr böyük hörmətə layiqdir.
Yubiley tədbirində bütün səmimi çıxışlar Anar müəllimə olan hörmətin bariz nümunəsidir. Anar müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.
Deputatlar Fəzail İbrahimli, Cavanşir Paşazadə, Elman Nəsirov və Seyfəddin Əliyev çıxış edərək Anar İskəndərovun Azərbaycan elminə, təhsilinə və parlamentarizmə verdiyi töhfələrdən danışıblar, onun çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndiriblər.
Digər çıxış edənlər də Anar İskəndərovun yalnız bir alim və deputat kimi deyil, həm də prinsipial mövqeyi, vətənpərvərliyi və gənc nəslin yetişdirilməsindəki xidmətləri ilə tanındığını xüsusi vurğulayıblar.
Tədbirin sonunda deputat Anar İsgəndərova yubileyi münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən Fəxri-fərman təqdim edilərək, ona səmimi arzular çatdırılıb.