Gənclər və İdman Nazirliyi “VeloLife” layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) 25 ədəd velosiped hədiyyə edib. Velosipedlər qoruyucu kasketlər və su qabları ilə birlikdə universitet gənclərinin istifadəsinə verilib.
Layihə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə icra olunur. Velosipedlərin təqdimatına həsr olunmuş açılış mərasimi LDU-da keçirilib.
Nazirlikdən bildirilib ki, təşəbbüs Gənclər və İdman naziri Fərid Qayıbovun ATGTİ rəhbərliyi və ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə görüşü zamanı LDU TGT sədri Sara İbadzadənin təklifi əsasında reallaşdırılıb və nazirlik tərəfindən dəstəklənib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov və tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov çıxış ediblər.
Rəsmi şəxslər layihənin gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması baxımından əhəmiyyətini vurğulayıb, təşəbbüsə görə nazir Fərid Qayıbova təşəkkürlərini bildiriblər.
“VeloLife” layihəsi ali təhsil müəssisələrində tələbələrin gündəlik hərəkətliliyini artırmağı və karbon izi az olan alternativ nəqliyyat vasitələrinin istifadəsini təşviq etməyi hədəfləyir.
Gülnar Nazimqızı
