AZ

“Kapital Bank”ın haqsız faiz siyasəti

Bu gün əhalinin hüquqlarının kütləvi şəkildə pozulduğu sahələrdən biri də bank sektorudur. Bank sektoru əhalinin maliyyə savadsızlığından və bəzi hallarda dolaşıq mexanizmlərdən istifadə edərək müştəriləri faizlə “yükləyirlər” və külli miqdarda gəlir əldə edirlər. Sonda məlum olur ki, bankdan kiçik məbləğdə vəsait götürmüş müştəri həmin məbləğ üçün bağırsaq kimi uzanan faizlər ödəməli olur. Təəssüf ki, Mərkəzi Bank hələ də istehlakçıların hüquqlarının qorunması sahəsində effektiv mexanizm ortaya qoya bilməyib.  

Sizə ölkənin ikinci ən böyük bankı olan Kapitalbankın borcu silmə mexanizmi barədə danışmaq istəyirəm. Bu bankın xidmət göstərdiyi 1000 manat kredit limiti olan kart sahibiyəm. Kredit kart istifadəçiləri  bilir ki, xərclənmiş vəsait bir qayda olaraq güzəştli və güzəştsiz statusa malik olur. Kart vasitəsilə mal və xidmətlər üçün ödəniş etdikdə xərclənmiş vəsait müəyyən dövrdə (30 gün, 45 gün və s.) güzəştli statusa malik olur.  Ancaq nağdlaşdırma və başqa karta köçürtmə etdikdə (card to card) gündəlik faiz hesablanır. Məsələn, Kapitalbank belə əməliyyat üçün illik 35%-lik faiz tətbiq edir. Ölkə üzrə orta faiz dərəcəsindən 3 dəfəyədək yüksək…

Deməli, təxminən 12 gün əvvəl kartdan digər kartda 400 manat köçürtmüşəm və məndən 1.5% komissiya (6 manat) tutub. Qısası 406 manat vəsait çıxıb kartdan və faiz hesablanmağa başlayıb.  Bura qədər sual yoxdur və hər şey qaydasındadır. Sual bundan sonra başlayır. 1000 manatlıq limitin təxminən 400 manatı güzəştli vəsait idi, 406 manat güzəştsiz və kartda isə 200 manata yaxın vəsait qalmışdı.  Nəticədə mənim karta olan borcum 806 manat olub. Ancaq mən 10 gün müddətində hissə-hissə olmaqla 960 manatdan çox vəsait yatırmışam və sonda məlum olur ki, mənim 282 manat güzəştsiz statusa malik borcum var və ona görə illik 35% olmaqla gündəlik borc yığılır. Əvvəl fikirləşdim ki, borc xərclənmə tarixi əsasında örtülür. Əvvəl 400 manat, sonra isə faizlə birgə 406 manat örtüləcək. Ancaq bank karta qoyduğum 960 manat vəsaitin cəmisi 130 manatını güzəştsiz borca yönəldib. Yerdə qalan 282 manatlıq vəsaitə insafsızcasına 35% illik faiz tətbiq edir.  

Əlbəttə, bankla əlaqə saxladım və izahları özü mənafelərinə uyğun oldu. Borc ödəyəndə prioritet güzəştli vəsaitlər olur. Müştəriyə 1 aylıq möhlət verən borcu bağlamağı sonraya saxlamaq əvəzinə banka gündəlik faiz qazandıran borcu sonraya saxlayır. Müştəri terminallar vasitəsilə pul ödəyir və bank həmin vəsiti ona qazanc verən istiqamətə yönəldir.

 

Anlaşılan odur ki, hər bank öz istəyinə uyğun faiz siyasəti yürüdür və əhalinin maliyyə savadsızlığından istifadə edərək onları faizlə yükəyirlər. Müqavilələri isə öz mənafelərinə uyğun tərtib edirlər ki, istənilən vaxt həmin müqavilələrə istinad edərək özlərini haqlı çıxarsınlar. Mən bilmirəm, Mərkəzi Bank bankların faiz tətbiqinə necə nəzarət edir, amma əminəm ki, müştərilər bundan zərər görür. Ola bilsin, hansısa müştəriyə gündəlik 15-20 qəpik faiz hesablamaq diqqət cəlb etməyə bilər. Amma 100 minlərlə müştərisi olan banklar 1 günlük qazancdan böyük vəsait əldə edir.

Ümid edirəm Mərkəzi Bank bu hallara nəzarəti gücləndirəcək və bankların yox, əhalinin mənafeyindən çıxış edəcək.

Samir

Samir Əliyev,
İqtisadçı

Seçilən
0
6
konkret.az

7Mənbələr