Cənubi Koreyanın "Samsung" korporasiyası tullantılardan hazırlanmış elektron kağız əsaslı displeyin (ekran) yaradıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Şirkət 13 düymlük "Samsung Color E-Paper" displeyini təqdim edib. Qurğunun korpusu fitoplanktondan əldə olunan biosmoldan hazırlanıb. "Samsung"un açıqlamasına görə, ekranın tərkibinin 45 faizi təkrar emal olunmuş tullantılardan ibarətdir. Qablaşdırma da eyni materialdan istehsal olunub.
2Samsung Color E-Paper" 4:3 tərəf nisbətində 1600x1200 piksel təsvir ölçüsünə malik 13 düymlük matrisaya sahibdir. Şirkət nümayəndələri bildiriblər ki, ölçülərinə görə ekran A4 formatlı kağızla müqayisə edilə bilər.
Qurğu akkumulyatorla təchiz olunub və USB-C portu vasitəsilə enerji yığır. Bundan başqa, statik vəziyyətdə displey sıfır vatt enerji sərf edir.