AZ

Son sözü raketlər deyəcək?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İran ətrafında hərbi-siyasi vəziyyət günü-gündən daha da ağırlaşmağa doğru gedir. 

Demək olar ki, Yaxın Şərq qaynar münaqişə ocağına çevrilmək astanasındadır. ABŞ-nin İraq, İordaniya və Körfəz ölkələrindəki hərbi aviasiya bazaları döyüş hazırlığı vəziyyətinə gətizdirilib, o cümlədən Oman körfəzi və Ərəb dənizində ABŞ-nin nəhəng hərbi donanması mövqe tutub. 

ABŞ Prezidenti Donald Tramp öz ”Truth Social” şəbəkə hesabında qeyd edib ki, ABŞ-nin nəhəng donanmasını İrana yollayıb. Tramp bildirib ki, bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır. 

"Donanmanın başında çox güclü təyyarədaşıyan gəmi dayanıb. Ümid edirəm ki, İran tezliklə danışıqlar masasına əyləşəcək, ədalətli və bərabər saziş üzrə danışıqlar aparacaq. NÜVƏ SİLAHI OLMAYACAQ. Bütün tərəflər üçün bu, ən yaxşısıdır. Vaxt bitir," – deyə Tramp vurğulayıb. 

Qarşı tərəf, yəni  İran da cavab tədbirlərinə hazırlaşır. İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) yüksək rütbəli rəsmiləri açıq şəkildə xəbərdarlıq edirlər ki, İranın ABŞ-nin hücumları ilə qarşılaşacağı təqdirdə Amerikanın regiondakı hərbi bazaları hədəfə alınacaq. 

Ekspertlər hesab edirlər ki, ABŞ-nin İrana hərbi müdaxiləsi, o cümlədən ABŞ, İsrail və İran arasında hərbi qarşıdurmanın baş verməsi Yaxın Şərqdə çox böyük fəsadlara yol aça bilər. Artıq region ölkələri – Türkiyə, Səudiyyə Ərəbistan və Qətər ciddi hazırlıq tədbirlərinə başlayıb. 

Danışıqlar, yoxsa hərbi güc? 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, hazırkı mərhələdə ABŞ–İran münasibətləri klassik diplomatik prosesdən daha çox təzyiq–cavab–eskalasiya xətti üzrə inkişaf edir.

“Birinci növbədə qeyd edilməlidir ki, ABŞ ilə İran arasındakı problemlərin yaxın perspektivdə tam şəkildə danışıqlar yolu ilə həll olunması real görünmür. Vaşinqton İranın nüvə proqramını, regional təsir şəbəkəsini və hərbi potensialını strateji təhdid kimi qiymətləndirir. 

Tehran isə bu məsələləri milli suverenliyi və təhlükəsizliyi çərçivəsində görür. Bu səbəbdən, tərəflərin mövqeləri arasında prinsipial ziddiyyət qalmaqdadır. ABŞ üçün danışıqlar məqsəd deyil, daha çox İranı istədiyi davranış modelinə məcbur etməyin vasitəsidir. İran üçün isə təzyiq altında aparılan dialoq siyasi məğlubiyyət kimi qəbul olunur”, - deyə V. Zifəroğlu vurğulayıb.

O bildirib ki, yaxın zamanda ABŞ-nin İrana qarşı birbaşa, genişmiqyaslı hərbi müdaxiləsi ehtimalı yüksək risk olaraq gündəmdədir: 

“Amma bu, hələ ki, qaçılmaz ssenari deyil. Vaşinqton yaxşı anlayır ki, İranla müharibə Əfqanıstan və İraq təcrübələrindən qat-qat ağır nəticələr doğura bilər. 

Bununla belə, məhdud və seçici zərbələr, xüsusilə nüvə və hərbi obyektlərə yönəlmiş əməliyyatlar ehtimal xaricində deyil. Belə bir halda İranın cavabı klassik müharibə formatında olmayacaq. Tehran və SEPAH daha çox asimmetrik cavab strategiyasına üstünlük verəcək. 

Regiondakı ABŞ hərbi bazalarının raket və dronlarla hədəfə alınması, Hörmüz boğazında gərginliyin artırılması, həmçinin İraq, Suriya, Livan və Yəməndəki müttəfiq silahlı qrupların aktivləşdirilməsi əsas ssenarilər sırasındadır”. 

Hərbi müdaxilə regionda hansı fəsadlara yol aça bilər?

Ekspert hesab edir ki, ABŞ, İsrail və İran arasında mümkün hərbi qarşıdurma Yaxın Şərqdə ciddi fəsadlar yaradacaq:

“Belə bir münaqişə regional müharibəyə çevrilə, enerji təhlükəsizliyini sarsıda, qlobal neft bazarında kəskin qiymət artımına və yeni humanitar böhranlara səbəb ola bilər. 

İran açıq şəkildə bəyan edir ki, hərbi hücum olacağı təqdirdə regiondakı ABŞ bazalarını legitim hədəf hesab edəcək. Bu isə münaqişənin coğrafiyasını xeyli genişləndirir və müttəfiq ölkələri də risk altına salır”. 

Kim güzəştə gedəcək? 

Ekspertin sözlərinə görə, Tramp administrasiyasının İranla bağlı siyasəti kompromisdən çox şərtli razılaşma modelinə əsaslanır. “Vaşinqton İranla ortaq məxrəcə gəlməkdən danışsa da, bu məxrəc ABŞ-nin təhlükəsizlik və geosiyasi maraqlarına tam uyğunlaşmanı nəzərdə tutur. Yəni məqsəd qarşılıqlı güzəşt deyil, İranın davranış modelinin dəyişdirilməsidir. 

Bu yanaşma isə Tehranda rejimi zəiflətmə, tabe etdirmə cəhdi kimi qəbul olunur və etimad mühitini daha da məhv edir”. 

İran: Yaxın Şərqin halqası 

Bu məsələyə gəlincə, V. Zifəroğlu bildirib ki, İran dövlətinin siyasi, mədəni və sosioloji konfiqurasiyası Yaxın Şərqin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir: 

“İran yalnız bir dövlət deyil, ideoloji, dini və geopolitik təsir şəbəkəsi olan regional aktordur. 

Onun daxili sabitliyi və ya destabilizasiyası birbaşa olaraq Yaxın Şərqin təhlükəsizlik arxitekturasına təsir edir. ABŞ bu reallığın fərqindədir, lakin mövcud siyasət daha çox təzyiq yolu ilə nəzarət üzərində qurulub. Bu isə uzunmüddətli sabitlikdən çox, qısamüddətli üstünlük əldə etməyə hesablanmış strategiya təsiri bağışlayır. 

Hazırda tərəflər müharibənin baha başa gələcəyini bilsələr də, geri addım atmağın siyasi qiymətini daha ağır hesab edirlər. Bu isə region üçün risklərin yaxın müddətdə davam edəcəyini göstərir”. 

Yunis Abdullayev

"Cebheinfo.az"

Açar sözlər:

İran Vüqar Zifəroğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
17
cebheinfo.az

10Mənbələr