Tramp ailəsi ABŞ hökumətini MƏHKƏMƏYƏ VERİB
Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, iddiaçılar 2019 və 2020-ci illərə aid vergi bəyannamələrinin mediaya sızdırılması ilə bağlı 10 milyard dollar məbləğində təzminat tələb edirlər. Mayami şəhərində yerləşən federal məhkəməyə təqdim edilən iddiada Donald Tramp, oğlu Donald Tramp Jr., Erik Tramp və Trump Organization IRS və Xəzinədarlıq Departamentini vergi sənədlərinin “The New York Times” və “ProPublica” daxil olmaqla “solçu media qurumlarına” sızmasının qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirlərini görməməkdə ittiham ediblər. İddia ərizəsində bildirilir ki, cavabdeh qurumların hərəkətsizliyi nəticəsində iddiaçılara ciddi reputasiya və maliyyə zərəri dəyib, onlar ictimaiyyət qarşısında nüfuzdan salınıb və işgüzar reputasiyalarına xələl gətirilib. Qeyd olunur ki, sözügedən vergi bəyannamələri mediaya keçmiş IRS əməkdaşı Çarlz Littlcon tərəfindən sızdırılıb. O, 2018-ci ildə agentliyin sistemlərinə qanunsuz daxil olaraq son 15 ildə ABŞ-ın ən varlı şəxslərinə məxsus vergi məlumatlarını əldə edib və yayımlayıb. 2024-cü ildə məhkəmə Littlconu beş il müddətinə azadlıqdan məhrum edib.