AZ

“Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır DEPUTAT DANIŞDI

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

”Keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz qayıdışının təşkili üzrə müəyyənləşdirilmiş kompleks tədbirlər davam edir”. Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub:

“Artıq 6 ildir azad olunmuş ərazilərin minalardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür.

Böyük Qayıdışla bağlı tədbirlərin icrası birbaşa dövlət başçısının nəzarətindədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı biz bərpa-quruculuq işlərinin real nəticələrini görürük. Cənab Prezidentin də söylədiyi kimi, “Böyük Qayıdış” Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi 80 faizə çatıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.

Təsadüfi deyil ki, bu gün də növbəti köç karvanı yola salınıb. Belə ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 5 ailə olmaqla 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndində 6 ailə olmaqla 24 nəfər, Təzəbinə kəndində 8 ailə olmaqla 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndində isə 10 ailə olmaqla 52 nəfər mənzillərlə təmin olunub.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan tələbələr də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 60 mini ötüb.

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də davam edir. Ümumilikdə ötən dövrdə həmin sakinlərdən iqtisadi fəal olanların 92 faizi işlə təmin olunub.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri Azərbaycanın artan iqtisadi gücünü, dövlətin müasir inkişaf modelini əks etdirir. Əminliklə söyləyə bilərik ki, Böyük Qayıdış Proqramı gələcək üçün yenidənqurma strategiyasıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
16
sia.az

10Mənbələr