Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunan “Təmənnasız missiya” adlı kitabının təqdimatı baş tutub.
Çıxış edənlər yubilyarın çoxillik jurnalist fəaliyyəti, beynəlxalq humanitar təşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Bildirilib ki, Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onun fəaliyyətinin böyük hissəsinin Qarabağ mövzusu ilə bağlı olması xüsusi vurğulanıb.
Umud Rəhim oğlu Mirzəyev 1961-ci il fevralın 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1982-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 1992-ci ildə yaradılan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidentidir. Onun şeirləri və publisistik yazıları yerli və respublika əhəmiyyətli dövri mətbuatda dərc olunub. Eyni zamanda, rus, ingilis və türk dillərində müxtəlif ölkələrdə yayımlanıb.
2012-2016-cı illərdə dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin, 2013-2016-cı illərdə isə Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi seçilib.
2009-2016-cı illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına sədrlik edib. 2010-2022-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini, hazırda isə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və eyni zamanda, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimai şuranın sədridir.
Umud Mirzəyev Əməkdar mədəniyyət işçisidir. Ailəlidir, üç övladı var.