Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, tanınmış ictimai xadim, jurnalist, şair, publisist Umud Mirzəyevin 65 illik yubileyi münasibətilə Mətbuat Şurasında (MŞ) tədbir təşkil olunub.
Olaylar.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri və idarə heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Azər Allahverənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Türkiyə Səfirliyi Mətbuat Müşaviri Cahangir İşbilir, professor Cahangir Məmmədli və digər tanınmış media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində yazıçı-jurnalist Gülşən Behbudun Umud Mirzəyevin həyat və fəaliyyətindən bəhs edən, onun 65 illik yubileyinə həsr olunan "Təmənnasız missiya" adlı kitabının təqdimatı baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Umud Mirzəyevi təbrik edərək onun bioqrafiyası haqqında geniş məlumat verib. O bildirib ki, Umud Mirzəyevin Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük əməyi olub.
"Umud müəllim dünyanın məşhur telekanallarını Azərbaycana cəlb edilib, çəkilişlər aparmasına nail olub. Umud Mirzəyev hazırda Mətbuat Şurasının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ANAMA yanında İctimai Şuranın sədridir".
Tədbirdə çıxış edən MEDİA Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Umud Mirzəyev mətbuatımızda öz dəsti-xətti olan şəxslərdəndir:
"Umud müəllimin həm şair, həm publisist kimi ən böyük fəaliyyətlərindən biri vətən torpaqlarının azad olunması yolunda apardığı mübarizədir. Vətən müharibəsindən sonra Umud müəllim xarici qonaqlarla işğaldan azad edilən ərazilərə səfərlər edərək onlara mina təmizləmə proseslərini təqdim edirdi".
Umud Mirzəyevlə bağlı xatirələrini bölüşən Azərbaycan Mədəniyyət Nazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu bildirib ki, yubilyar onun evinin adamıdır:
"Azərbaycanın gerçəklərinin tanıdılmasında Umud müəllimin müstəsna xidmətləri olub. O çox xeyirxah insandır, dəyərli dostdur. Bizim gənclik dönəmimiz elə bir dövrə təsadüf etdi ki, Umud Mirzəyev evdə oturub şair olmaqla kifayətlənə bilmədi. İctimai-siyasi proseslərdə, vətənin çətin günlərində üzərinə düşənin ən yaxşısını etməyə çalışdı. Onun xidmətləri danılmazdır. Umud Mirzəyev bütün dostları üçün doğmadır".
Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev isə bildirib ki, Umud Mirzəyevlə Azərbaycanın çətin dönəmlərində tanış olub:
"Umud müəllimlə tanış olanda Vətənimiz çətin sınaq mərhələsində idi. Onun peşəkarlığının çoxşaxəli olduğunun şahidiyəm. Onunla minatəmizləmə məsələsində xeyli müzakirələrimiz olub. Bu sahədə ANAMA-nın peşəkarlarının dəstəyi ilə bir neçə təşəbbüsümüz həyat keçib. Yaxın günlərdə qlobal minatəhlükəsizliyi haqqında işıq üzü görəcək sənədli filmi beynəlxalq film festivallarında nümayiş etdirməyi planlaşdırırıq. Burada əsas qəhrəmanlardan biri məhz Umud müəllimin təklifi ilə yer alıb. Umud müəllim mənim üçün bahalı, amma pulsuz məsləhətçiyə çevrilib".
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının İcraçı direktorun müavini Natiq Məmmədov Umud Mirzəyevin 65 illik yubileyində çıxış edərkən deyib ki, Umud Rəhimoğlunun fəaliyyətini xalq, qədirbilən insanlar yetərincə qiymətləndirirlər:
"Umud müəllim çox xeyirxah insandır. Onun Azərbaycanda onlayn medianın çox inkişaf etmədiyi dövrdəki fəaliyyətini xüsusi qeyd etməliyik. Hər zaman Umud müəllimlə ünsiyyətdə olanda xeyirxahlığın bir işartısı ürəyimə düşür. O, həm də şairdir. Məhz jurnalistin poeziyaya, sözə bu dərəcədə diqqəti onunun ürəyinin mərhəmətinin və dərinliyinin göstəricisidir".
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Sahil Kərimli yubilyarı təbrik edib.
"Kollektivimiz adından sizi təbrik edirik. Təxminən iki ilə yaxındır Umud Mirzəyevi yaxından tanıyıram. Hesab edirəm ki, sanki on illiklərdir tanışıq. Umud müəllim hamı üçün yaxşı ola bilən insan kimi tanınır".
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cahangir İşbilir də çıxışında Umud Mirzəyevə yubileyi münasibətilə təbriklərini çatdırıb, onun ictimai fəaliyyətindən bəhs edib:
"O, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Umud müəllimlə tanışdığımız üçün çox şadam. Ömrünü bu topraqlara həsr edən böyüyümüzdür".
Trend BİA-nın Baş direktorunun müavini Elçin Alıoğlu çıxışında qeyd edib ki, 65 yaş Umud Mirzəyevin həyatında bir dəyişiklikdir.
"Mənim üçün Umud müəllim dostla qardaş arasında körpü quran inşaatçıdır. Umud Rəhimoğlu həmişə astadan danışır, çünki sözünün qədrini bilir. Bu gün həyatını sakit yaşayıb səsli işlər görmək hər adamın bacarığı deyil. Arzu edirəm ki, bundan sonra da Umud müəllim bizə öz ümidini çox görməsin".
Mili Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Umud Mirzəyevin vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında böyük xidmətləri var:
"O, Qarabağ münaqişəsinin başladığı illərdə Azərbaycanın haqq işini dünyada tanıdıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud Mirzəyevin əməyi ilə artıq həm beynəlxalq müstəvilərdə tanınır, həm də lokal şəkildə nümunə ola biləcək sistem kimi diqqət çəkir. 35 yaşından Umud Mirzəyevi tanıyıram və o vaxtdan indiyə qədər onun həvəsi, enerjisi, fəaliyyəti yüksək olaraq qalır".
Tədbirin davamında çıxış edənlər də həmçinin yubilyar Umud Mirzəyevin uzunillik jurnalist fəaliyyəti, beynəlxalq humanitar təşəbbüsləri və Azərbaycanın media və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.
Bildirilib ki, Umud Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüb. Onun fəaliyyətinin böyük hissəsinin Qarabağ mövzusu ilə bağlı olması xüsusi vurğulanıb.
Qeyd edək ki, Umud Rəhim oğlu Mirzəyev 1 fevral 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1982-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. 1992-ci ildə yaradılan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvlərindən olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun şeirləri və publisistik yazıları yerli və respublika əhəmiyyətli dövri mətbuatda dərc olunub. Eyni zamanda rus, ingilis və türk dillərində müxtəlif ölkələrdə yayımlanıb.
2009-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına sədrlik edib. 2010-2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, hal-hazırda isə Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü və eyni zamanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimai şuranın sədridir.
