ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Xalq artisti Mənsum İbrahimov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Yeni Özbəkistan ulduzları” mükafatının təntənəli təltifolunma mərasimində fəxri qonaq qismində iştirak edib. O, Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Mədəniyyət və sənət fədakarı” medalı ilə təltif olunub.
Bu barədə AZƏRTAC-a danışan Xalq artisti Mənsum İbrahimov bunu iki ölkə arasında mədəni əlaqələrə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
Xalq artistinin sözlərinə görə, bu mükafat Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində daha da dərinləşməsinə stimul verəcək.
“Özbəkistan və Azərbaycan arasında mədəni əlaqələr tarixən dərin köklərə söykənir və bu münasibətlər bu gün də uğurla inkişaf edir. Oxşar adət-ənənələr, musiqi və ədəbiyyat bu iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Son illərdə qarşılıqlı mədəni tədbirlər, festivallar, konsert proqramları və rəsmi səfərlər bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir”,-deyə Mənsum İbrahimov bildirib.
Qeyd edək ki, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova da “Mədəniyyət və sənət fədakarı” medalı ilə təltif olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.