“Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maddi çöküş riski ilə üz-üzədir və qurumun maliyyə resursları iyul ayına qədər tamamilə tükənə bilər”.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş quruma üzv ölkələrin səfirlərinə ünvanladığı məktubda xəbərdarlıq edib.
Baş katib yaranmış böhranın səbəbi kimi üzv dövlətlərin ödənişləri gecikdirməsini və mövcud büdcə qaydalarını göstərib:
“Hazırkı qanunvericilik BMT-ni xərclərdən artıq qalan vəsaiti geri qaytarmağa məcbur edir ki, bu da manevr imkanlarını məhdudlaşdırır. Böhran dərinləşir və maliyyə cəhətindən çöküş riski yaradır. Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək. Vəziyyətdən çıxış yolu ya üzv ölkələrin üzərlərinə düşən ödənişləri tam və vaxtında həyata keçirməsi, ya da büdcə qaydalarına təcili dəyişiklik edilməsidir”.
Xatırladaq ki, ABŞ-nin BMT-yə bağlı qurumlara könüllü maliyyə dəstəyini azaltması və sülhməramlı missiyalar üçün nəzərdə tutulan məcburi vəsaitləri ödəməkdən imtina etməsi təşkilatın büdcəsində böyük boşluq yaradıb.