Uşaqları dinə məcbur etmək qanuna ziddir -
Uşaqların dinə etiqad etməyə məcbur olunmasının qadağan edilməsi ilə bağlı müddəa “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb. Ancaq xüsusilə kənd yerlərində azyaşlı qız uşaqlarının valideynləri tərəfindən hicab bağlamağa məcbur edilməsi halları tez-tez müşahidə olunur. Bəs uşağın dini tərbiyəsi hansı yaşdan başlayır və azyaşlı qız uşaqlarının hicab bağlaması dini baxımdan nə dərəcədə əsaslandırılmış sayılır? İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, bəzi yerlərdə qız uşaqlarının valideynləri tərəfindən hicab bağlamağa məcbur edilməsini İslam yox, ərəb milli ənənəsi ilə əlaqələndirib: “Bəzi yerlərdə də uşaqları valideynləri məscidə aparıb sinə vurmağa məcbur edirlər. Bu da fars ənənəsidir. Uşaqları yalnız tərbiyə və təhsil məsələlərində zor işlətməkdən təşviq etmək olar. Məcburiyyət yolverilməzdir. Ümumiyyətlə, istər uşaq, istər böyük olsun, insanları hansısa dini inanca məcbur etmək, yaxud inancdan imtinaya məcbur etmək dini yöndən də qəbul olunmur. Quranda bu haqda deyilir ki, dində məcburiyyət yoxdur. İstəyən kafir, istəyən mömin olsun. Dinlər insan həyatında bir istiqamət, tövsiyə mahiyyəti daşıyır. İmam Cəfər Sadiq buyurur ki, din yalnız məhəbbətdən ibarətdir. Lakin sonradan dinlərin xurafata qarışması, əsl mahiyyətindən uzaqlaşması və bəzən də siyasi təsirlərə məruz qalması insanların məcburi şəkildə bu inanclara yönəldilməsinə gətirib çıxarıb. Bu isə din - dövlət münasibətlərində təlatümlərə, radikalizmin yaranmasına səbəb olur”.
T.İrfan bildirib ki, bu kimi məsələlərin tənzimlənməsində dövlətin qəbul etdiyi qanunlar demək olar ki, beynəlxalq hüququ, insan haqlarını nəzərə almaqla yanaşı həm də milli, mənəvi dəyərlərə bağlılığı qoruyur, mütərəqqiliyi və dinlərin əsl mahiyyətini nəzərə alır: “Bəzi hallarda uşaqları radikal dini inanclı valideynləri öz inandıqları əqidəyə, ibadətə və həyat tərzinə məcbur edirlər. Bu, dində də doğru qəbul olunmur. Çünki insan tam həddi-buluğa çatandan sonra öz arzusu ilə könüllü olaraq hansısa əqidəyə, dinə, inanca sahib ola bilər. Uşaqları sadəcə düz istiqamətə yönəltmək, təşviq etmək olar. Lakin məcbur etmək olmaz. Dini tərbiyə adı altında çox zaman uşaqlar istismar olunur, məcburi şəkildə hicaba, sinə vurmağa məcbur edilir ki, bu da uşaqların həm psixologiyasına, həm də fiziki sağlamlığına ciddi zərbə vurur. Xarici dini təsirlərdə olanlar uşaqları qabağa verərək müəyyən ayin və tədbirlərdə onlardan sui-istifadə edirlər. Ümumiyyətlə, insan dini mükəlləfiyyətə həddi-buluğa çatandan sonra məsul olur. Öz ağlı ilə müstəqil qərar vermək qabiliyyətinə çatana qədər uşaqları nəyəsə inanmağa, yaxud inanmamağa məcbur etmək dini cəhətdən günah, qanuni cəhətdən də cinayətdir”. İlahiyyatçı yeni qanunu təqdir edib. Onun fikrincə, bu qanun bizim mənəvi dəyərlərə hörmətdən yaranır, zəruri ehtiyacdan ortaya çıxır və uşaqların din pərdəsi altında istismar olunmasının qarşısını alır: “Yaxşını pisdən tam ayıra bilməyən uşaqların məcburi şəkildə hansısa inanca yönəldilməsinin qarşının alınması həm də dini dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Çünki dinin əsli, təhrif olunmamış mahiyyəti də bunu deyir. Din insan azadlığını məhdudlaşdırmır, əksinə ona sərbəstlik verir. Lakin təəssüf ki, tarix boyu dinləri təhrif ediblər və insanlar öz şəxsi maraq və mənafeləri üçün, siyasi ambisiyaları üçün dinləri məzhəblərə bölüb, təhrif edib, xurafat, siyasət qatıblar. Nəticədə uşaqlar, qadınlar hüquqlarından məhrum olub. Lakin ölkəmizdə qəbul edilən qanunların dinimizə, mənəvi dəyərlərə də önəm verib nəzərə alması baxımından, demək olar ki, bu qanun da eyni zamanda dinin mötədil əməllərinə qayıdışın tərkib hissəsidir. Uşaqlar elmə, təhsilə yönəldilməlidir. Dini inanc barədə seçimi isə tam müstəqil qərar vermək yaşına çatanda, kənar təsirlər olmadan müəyyən etməlidirlər. Bu zaman o şəxslərin inancı da müstəqil, sağlam və düşünülmüş olacaq”. T.İrfan bir daha qeyd edib ki, valideynlər uşaqları hətta öz inanclarına da məcbur edə bilməzlər, bu, dində qadağandır: “İnsan "rüşd", yəni tam müstəqil qərar verib sosial həyatını təmin etmək qüdrətinə çatdığı yaşda özü qərar verməlidir. Orta məktəblərdə dinlə bağlı dolğun məlumat və maarifləndirmə yoxdur. Bu çox böyük bir boşluqdur. Belə olduğu halda uşaq yaşda məlumatsız insanı valideyni bəlkə də təhlükəli olan inanca, əqidəyə yönəltməsi gələcəkdə fəsad verə bilər. Bunu nəzərə alaraq deyə bilərəm ki, uşaqları əsla valideynləri hansısa inanca məcbur etməməlidir. Tam ixtiyar və azadlıq verməlidir ki, özləri oxuyub, araşdırıb müstəqil və səhih şəkildə dövlətin etiraz etmədiyi, ənənələrimizə uyğun dini inanca sahib ola bilsinlər”. Bəs uşaqları öz dini inanclarına ibadət etməyə məcbur edən valideynlər hüquqi məsuliyyətə cəlb edilə bilər?Hüquqşünas Vamiq Şükürov açıqlamasında bildirib ki, valideynlərin əsas hüquqlarından biri uşaqların hüquqları pozulmadan, onların psixoloji durumuna və mənafelərinə zərər yetirilmədən övladlarını istədikləri şəkildə tərbiyə etmək imkanına malik olmalarıdır:
“Yəni valideynlər öz dini etiqadlarına, dünyagörüşlərinə, mədəni dəyərlərinə, milli xüsusiyyətlərinə və etnik kimliklərinə uyğun olaraq uşaqlarını tərbiyə etməkdə sərbəst və azaddırlar. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən isə, əgər uşağa qarşı zorakılıq tətbiq edilərək, psixoloji və ya fiziki təzyiq yolu ilə ona hicab taxdırılırsa, bu hal artıq dini etiqad azadlığının və uşağın hüquqlarının pozulması kimi qiymətləndirilir. Heç bir valideynin öz övladını zorla dini ayinlərə cəlb etməsi, istər xristian ailədə uşağın məcburi şəkildə kilsəyə aparılması, istərsə də müsəlman ailədə uşağın zorla hicab taxmağa məcbur edilməsi qanunla yolverilməzdir. Belə faktlar mövcud olduğu təqdirdə valideyn hüquqi məsuliyyətə cəlb edilə bilər”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc olunub.