AZ

TƏCİLİ! Rusiya-NATO müharibəsi başlaya bilər – XƏBƏRDARLIQ edildi

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Ruttenin Ukrayna ilə bağlı son bəyanatlarına kəskin reaksiya verərək, Qərbi “nüvə dövləti ilə birbaşa toqquşma” riskindən çəkinməyə çağırıb.

Macarıstan lideri Ruttenin “münaqişə başa çatdıqdan sonra Ukraynaya Qərb qoşunlarının göndərilməsi” barədə planlarını ifrat dərəcədə təhlükəli adlandırıb.

“Əgər baş katibin bu sözləri reallığa çevrilərsə, bu, artıq dolayısı yox, Qərbin Rusiya ilə birbaşa müharibəsi demək olacaq”, — deyə Orban Macarıstan dövlət radiosuna müsahibəsində bildirib. O, Alyansın bu cür planlarının Avropanı geri dönüşü olmayan bir fəlakətə sürükləyə biləcəyini vurğulayıb.

Orbanın sözlərinə görə, istənilən ad altında Ukrayna ərazisinə NATO qüvvələrinin daxil olması Moskva tərəfindən birbaşa müdaxilə kimi qiymətləndiriləcək. Baş nazir qeyd edib ki, Macarıstan NATO daxilində bu cür qərarların qəbul olunmasına qarşı çıxmaqda davam edəcək və heç bir halda öz hərbçilərini və ya ərazisini bu missiyaya cəlb etməyəcək.

Xəbərdarlıq fevralın əvvəlində Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqlarından dərhal sonraya təsadüf edir. Orban hesab edir ki, bəzi Qərb dövlətləri sülh imkanlarını dəyərləndirmək əvəzinə, müharibənin coğrafiyasını genişləndirmək niyyətindədir. O, həmçinin xatırladıb ki, Macarıstanın 2026-cı il parlament seçkiləri ölkənin “müharibə və ya sülh” tərəfdarı olması baxımından həlledici rol oynayacaq.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Fikrət Nəsrəddinzadə qeyd edib ki, Rusiyanın Ukrayna ərazilərini işğal etməsi beynəlxalq hüquq normalarına ziddir:

“Üstəlik, Kremlin Şimali Koreyadan hərbi kontingent gətirərək, cəbhə bölgəsinə göndərməsi də Ukrayna savaşının qlobal xarakter almasına səbəb ola biləcək yolverilməz addımdır.

Ancaq burada önəmli olan məqamlardan biri ondan ibarətdir ki, ABŞ və Qərb də Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təchizatını öz üzərinə götürüb. Və bu, o deməkdir ki, Qərb siyasi dairələri də Ukrayna savaşının Rusiyaya qarşı beynəlxalq hüquq normalarının tam gücünü tətbiq etməklə, həllinə çalışmaq əvəzinə, savaşa hərbi alətlərlə müdaxilə edir”.

Şərhçinin sözlərinə görə, təbii ki, belə situasiya yaxın gələcək üçün daha qlobal savaş təhlükəsini aktuallaşdırır:

“Xüsusilə də, son vəziyyət tezliklə Rusiya və NATO arasında hərbi toqquşma ehtimalına inandırıcı görüntülər verməyə başlayıb. Hətta bu təhlükə o qədər ciddiləşib ki, NATO daxilində Rusiya ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, bu ölkənin ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələrin endirilməsini müzakirə etmək məcburiyyətində belə qalıb. Və bu, o deməkdir ki, NATO artıq Rusiya ilə birbaşa savaşa hazırlaşır”.

Tunar

Seçilən
19
50
nocomment.az

10Mənbələr