AZ

Zelenski: Rusiya sülh danışıqları fonunda enerji və yaşayış binalarını vurur

BAKI, 8 fevral. TELEQRAF

Rusiya ordusu təkcə bu həftə ərzində Ukrayna şəhərlərinə və kəndlərinə qarşı misli görünməmiş hava hücumları həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.

Dövlət başçısı bildirib ki, Rusiya tərəfi son 7 gündə Ukrayna ərazisinə 2000-dən çox zərbə dronu, 1200 idarə olunan aviasiya bombası və müxtəlif tipli 116 raket buraxıb.

Zelenski vurğulayıb ki, enerji obyektləri, logistik infrastruktur və yaşayış binaları demək olar ki, hər gün hədəfə alınır: "Bütün bunlar sülh naminə diplomatik işlərin davam etdiyi bir vaxtda baş verir".

Prezident beynəlxalq ictimaiyyəti Rusiyanın hücumlarına göz yummamağa çağırıb:

"Dünyadan cavab gəlmədikcə, zərbələrin sayı artır və onlar hər dəfə daha qəddar xarakter alır. Bunu yalnız Ukraynaya, bizim müdafiəmizə real dəstək verməklə dayandırmaq olar. Hava hücumundan müdafiə sistemləri (HHM) üçün raketlərə və hər gün bu təcavüzün qarşısını alan döyüşçülərimiz üçün silahlara ehtiyacımız var".

Sonda V.Zelenski Rusiyaya qarşı təzyiqlərin artırılmasının vacibliyini qeyd edib:

"Diplomatiyanın işləməsi üçün Rusiyaya daimi təzyiq lazımdır. Bu müharibənin bədəli onlar üçün elə bir həddə çatmalıdır ki, müharibə Rusiya üçün qəbuledilməz olsun".

Seçilən
26
2
teleqraf.com

4Mənbələr