AZ

ABŞ Ticarət Palatası Azərbaycanda illik biznes missiyaları təşkil edəcək

ABŞ Ticarət Palatası hər il Azərbaycana biznes missiyaları təşkil edir.

Day.Az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının üzvlərlə beynəlxalq əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

"İstifadə etməyi planlaşdırdığımız alətlərdən biri illik biznes missiyalarıdır. Biz onları hər il keçirməyi öhdəmizə götürmüşük. Eyni zamanda ümid edirik ki, Azərbaycan hökuməti və özəl sektorunun nümayəndələrini ABŞ-da qəbul edəcəyik ki, onlar daha geniş auditoriya, o cümlədən Amerika şirkətləri və bizim nümayəndə heyətimizlə görüşə bilsinlər", - deyə o bildirib.

Çoksi qeyd edib ki, üçüncü istiqamət müxtəlif sektorların və imkanların təhlilidir ki, sonradan bu məlumatlar Amerika şirkətlərinə təqdim edilsin.

"Konkret misal çəkim: biz ABŞ səfirliyindəki həmkarlarımız və Palata ilə nazirliklər arasında yaratdığımız əlaqələndirici şəxslər vasitəsilə nazirliklərdən dövlət tenderləri barədə məlumat toplayırıq. Bu imkanları daha sonra Amerika şirkətlərinə ötürürük.

Nəhayət, bu davamlı bir prosesdir. Biz investisiyalar üçün mümkün məhdudiyyətləri izləyir və onların aradan qaldırılması yollarını axtarırıq - investisiyaların stimullaşdırılmasına kömək edəcək analitik qeydlərin və ya siyasət üzrə təkliflərin hazırlanması yolu ilə. Məsələn, maliyyə sektorunda Azərbaycanın qlobal ödəniş sistemlərinə necə inteqrasiya oluna biləcəyini araşdırırıq ki, bu da vəsaitlərin hər iki istiqamətdə hərəkətini asanlaşdırır və kiçik biznesin daha geniş bazarlara çıxmasına kömək edir. Bu, dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ-dan olan müştərilərə burada mallar və xidmətlər üçün ödəniş etmək imkanı yaradır", - deyə o əlavə edib.

Çoksi qeyd edib ki, Palata fəaliyyətini üç əsas istiqamət üzrə davam etdirir:

  • qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə illik missiyalar və görüşlər;
  • şirkətlərin iştirakının yaxşılaşdırılması üçün ideyalar təqdim edən analitik qeydlər və siyasət üzrə təkliflər;
  • Azərbaycanda gözlənilən tenderlər və satınalmalar barədə məlumatların Amerika şirkətləri arasında yayılması.
Seçilən
24
1
day.az

2Mənbələr