NATO müdafiə nazirləri bu gün Brüsseldə Alyansın Ankarada keçiriləcək sammitinə hazırlıq məqsədilə görüşəcək.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Baş katib Mark Rutte bildirib.
Onun sözlərinə görə, görüşdə müttəfiq ölkələrin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin gücləndirilməsi və Alyans daxilində təchizat zəncirlərinin möhkəmləndirilməsi müzakirə olunacaq. O, həmçinin yeni texnologiyaların tətbiqi və müdafiə məhsullarının istehsalının sürətləndirilməsinin vacib olduğunu qeyd edib.
Rutte Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorovun da görüşdə iştirak edəcəyini bildirib. Görüşdə Avropa İttifaqı da təmsil olunacaq və əməkdaşlığın ortaq təhlükəsizliyin təminatı baxımından vacib olduğu vurğulanacaq.
Baş katib Arktikaya diqqətin artırıldığını, Alyansın bu bölgədə “Arctic Guardian” təliminə başladığını da açıqlayıb. Təlim Arktikadakı potensial çətinliklərin vaxtında və effektiv həll olunmasını təmin etməyi hədəfləyir.
Daha əvvəl bildirilmişdi ki, görüşdə Ukraynaya silah tədarükü məsələsi də müzakirə olunacaq.