AZ

Kamaləddin Qafarov: Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır

“2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə birgə işçi qrupunun yaradılması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu”.

“İki sahil” xəbər verir ki, bu fikirləri mətbuta verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, bu proses göstərdi ki, tərəflər münasibətləri situativ maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərində qurmağa üstünlük verirlər. “2026-cı il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Vensin Bakıya rəsmi səfəri isə həmin strateji kursun davamlılığının və siyasi iradənin real təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey. Di. Venslə birgə mətbuata bəyanatı son aylarda regionda formalaşan yeni siyasi reallıqların mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Cənubi Qafqazda sülh, əməkdaşlıq və qlobal inteqrasiya perspektivlərini əks etdirən strateji baxışı nümayiş etdirir.”

K.Qafarov bildirib ki, cənab Prezident İlham Əliyevin sülh mövzusunda təqdim etdiyi açıqlamalar xüsusilə diqqətçəkicidir: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Sülh haqqında Birgə Bəyannamənin imzalanması region üçün dönüş nöqtəsi hesab edilə bilər. Artıq altı aydır davam edən sabitlik mərhələsi postmünaqişə dövrünün yalnız hüquqi sənədlərlə deyil, praktik davranış və siyasi mədəniyyətlə möhkəmləndirildiyini göstərir. Azərbaycanın sülh şəraitində yaşamağı və əməkdaşlıq mühitini formalaşdırmağı öyrənməsi regional münasibətlərdə yeni modelin əsasını yaradır. Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsi isə bu sülh mühitinin iqtisadi və geosiyasi ölçüsünü tamamlayır. Bu marşrut Azərbaycanın daxili bağlantısını gücləndirməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Layihənin təhlükəsiz, etibarlı və genişmiqyaslı xarakter daşıması regionun beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirir və sülhün iqtisadi dayaqlarını möhkəmləndirir. Əlbəttə ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu da Strateji Tərəfdaşlıq Xartiyasının mühüm sütunlarından biridir. Bu gün Azərbaycanın təbii qazla təmin etdiyi ölkələrin əksəriyyətinin NATO üzvü və ABŞ-ın müttəfiqi olması Bakının Avroatlantik təhlükəsizlik məkanında etibarlı tərəfdaş statusunu təsdiqləyir. Enerji sahəsində formalaşmış qarşılıqlı asılılıq siyasi dialoqun dərinləşməsinə və uzunmüddətli strateji əməkdaşlığa əlavə zəmin yaradır. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–ABŞ münasibətlərinin yalnız ikitərəfli deyil, regional və qlobal miqyasda əhəmiyyət daşıdığını göstərir. Sülh, nəqliyyat, enerji və təhlükəsizlik kimi əsas istiqamətləri əhatə edən bu tərəfdaşlıq Azərbaycanın dəyişən beynəlxalq sistemdə artan strateji rolunu aydın şəkildə ortaya qoyur”.

Seçilən
16
14
ikisahil.az

10Mənbələr