
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Tramp administrasiyasını ölkədə yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən intihar edən milyarder Ceffri Epşteynlə bağlı sənədləri gizlətməkdə günahlandırıb.
Klinton BBC-yə verdiyi müsahibədə Epşteyn sənədləri ilə bağlı fikirlər səsləndirib.
Tramp administrasiyasını sənədləri ört-basdır etməkdə ittiham edən Klinton onların ictimaiyyətə açıqlanması üçün çağırış edib. O, "Tramp administrasiyası prosesi qəsdən ləngidir", — deyə bildirib.
Klinton İngiltərənin mərhum kraliçası II Elizabetin bütün titulları əlindən alınmış oğlu Endrü Mauntbatten-Vindzorun Konqres komitəsi qarşısına çıxmalı olduğunu vurğulayaraq, "Məncə, adı keçən hər kəs ifadə verməlidir", — deyib.
Epşteynlə daha əvvəl tanış və heç bir əlaqəsinin olmadığını müdafiə edən Klinton Epşteynin keçmiş sevgilisi və cinayət ortağı Gisleyn Maksvell ilə yalnız bir neçə tədbirdə bir araya gəldiyini qeyd edib.
Hillari Klinton həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla birlikdə Konqresdə ifadə verəcəklərini, lakin bu prosesin qapalı deyil, ictimaiyyətə açıq şəkildə keçirilməsinə üstünlük verdiklərini dilə gətirib. Məlumata görə, Hillari Klintonun 26 fevral, Bill Klintonun isə 27 fevral tarixlərində Konqres Komitəsinə ifadə verməsi gözlənilir.