Bakı, 18 fevral, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 8-ci iclası keçirilib. İclasda “AZCON Holding”, “Azərbaycan Hava Yolları” QSC, Dövlət Mülki Aviasiya Agentliyi, hava nəqliyyatı sahəsində fəaliyyət göstərən müvafiq strukturlar, aidiyyəti dövlət qurumları və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində ölkənin aviasiya təhlükəsizliyi sisteminin mövcud vəziyyəti təhlil olunub, risk əsaslı yanaşma prinsiplərinin tətbiqi, qurumlararası operativ koordinasiyanın optimallaşdırılması və beynəlxalq standartlara uyğunluğun davamlı monitorinqi əsas prioritet kimi müəyyən edilib.
Təhlükəsizlik prosedurlarının effektivliyi və əməliyyat risklərinin idarə olunması istiqamətində əlavə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı razılıq əldə olunub.
Müzakirələrin əsas istiqamətlərindən biri cari ilin may ayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq olub. Forum dövründə gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi, sərnişin və nümayəndə heyətlərinin hərəkətinin fasiləsiz idarə olunması, eləcə də, bütün aidiyyəti qurumlar arasında vahid əməliyyat koordinasiya mexanizminin işə salınması nəzərdə tutulur. İclasın yekununda təhlükəsizlik sahəsində institusional əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq tədbirlər dövründə yüksək hazırlıq səviyyəsinin təmin olunması və strateji risklərin qabaqlayıcı idarə olunması üzrə fəaliyyət istiqamətləri müəyyən edilib.