İran Rusiya ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin alınması üçün 500 milyon avro dəyərində gizli müqavilə imzalayıb. Bu barədə Financial Times qəzeti sızdırılmış Rusiya sənədlərinə və razılaşma ilə tanış mənbələrə istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumata əsasən, müqavilə minlərlə qabaqcıl portativ hava hücumundan müdafiə sistemi alınmasını nəzərdə tutur və tərəflər arasında gizli şəkildə bağlanıb.
Sənəd 2025-ci ilin dekabr ayında Moskvada imzalanıb. Müqaviləyə əsasən, İrana 500 ədəd “Verba” tipli portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi çatdırılacaq. Təchizatın 2027–2029-cu illər arasında üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, müqavilə Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboronexport şirkəti ilə İran Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Logistika İdarəsinin nümayəndələri arasında imzalanıb.
Natiq Səlim,
KONKRET.az