Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 25 fevral, Günel Türksoy, AZƏRTAC
Prezident İlham Əliyevin Sülh Şurasının iclasında iştirakı ABŞ-ni Bakının nəzərində, sadəcə, tərəfdaş və ya böyük güc deyil, qlobal lider kimi mövqeləndirdi. Tramp administrasiyası regionda başqa heç bir böyük gücün bacarmadığını etdi, Azərbaycan və Ermənistan arasında sülhə nail oldu. 2020-ci ildə İkinci Qarabağ müharibəsini dayandıran atəşkəsə Rusiya vasitəçilik etmişdi, lakin tərəflər arasında davamlı sülhə nail ola bilməmişdi. Atəşkəs sənədinin 9-cu maddəsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tuturdu ki, bu da TRIPP çərçivəsinə bənzər idi. Rusiya eyni xidmətləri göstərməyə çalışsa da, prosesi sonadək həyata keçirə bilmədi. Avropa İttifaqı isə, xüsusilə Fransanın Bakıya qarşı kəskin bəyanatları fonunda, sülh prosesində səmərəli rol oynaya bilmədi. Bu kontekstdə ABŞ yalnız sülhə sadiqliyini ifadə etmədi, həm də onu reallaşdırdı.
Bunu AZƏRTAC-a müsahibəsində Topçubaşov Mərkəzinin qeyri-rezident tədqiqatçısı, Çikaqo Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistrantı Cozef Şumunov deyib.
O xatırladıb ki, avqust ayında keçirilmiş üçtərəfli sammit gələcək Sülh Şurası üçün əsas sınaq meydanı oldu. Hər iki lider ABŞ-nin qlobal liderliyinə sadiqlik nümayiş etdirdi və bu mövqeni qoruyub saxlayır.
“Bakı Sülh Şurasında ABŞ hegemoniyasının təzahürü kimi deyil, Birləşmiş Ştatların liderliyinin yeni dünya nizamında azsaylı effektiv təhlükəsizlik və geoiqtisadi çərçivələrdən biri olduğunu göstərmək üçün iştirak edir. Bu mənada Rusiya və Çin aparıcı liderlər kimi deyil, əsas tərəfdaşlar olaraq qalır. Azərbaycanın Çin rəhbərliyindəki Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlükdən kənarda qalması da bunu göstərir. Avropa İttifaqı ilə ABŞ arasında artan fikir ayrılığı da Azərbaycanın Vaşinqtona etimadını gücləndirib. Əvvəllər Qərbin Bakıya yanaşması koordinasiyalı idisə, indi daha çox ABŞ mərkəzlidir. Qlobal səviyyədə Azərbaycanın Sülh Şurasında təmsil olunması Bakının kiçik dövlətdən orta gücə çevrilməsinin göstəricisidir. Şuranın digər üzvləri Argentina, Misir, Türkiyə və başqaları da orta güclərdir. Tramp administrasiyası dövründə Azərbaycan artıq regionun kiçik dövləti deyil, əsas regional oyunçuya çevrilib. Mövcud üzvlər ABŞ-nin dəniz nizamı üçün strateji əhəmiyyət daşıyır: Türkiyə Qara dəniz üçün, Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Fars körfəzi üçün, İndoneziya isə Sakit okean üçün. Azərbaycan isə bu çərçivədə Xəzər dənizinin aparıcı aktoru kimi mövqelənir və bundan sonra da Xəzərin təhlükəsizliyini, inteqrasiyasını, kommunikasiyasını və mobilliyini formalaşdırmağa davam edəcək”, - deyə ekspert bildirib.
Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.