AZ

Azərbaycan Xəzər dənizinin aparıcı aktoru kimi mövqe sərgiləyir - MÜSAHİBƏ

Bakı, 25 fevral, Günel Türksoy, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazın rolu və Azərbaycanın strateji mövqeyi getdikcə daha çox diqqət mərkəzinə çəkilir. Topçubaşov Mərkəzinin qeyri-rezident tədqiqatçısı Cozef Şumunov AZƏRTAC-a müsahibəsində ABŞ-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri barədə fikirlərini bölüşüb. Həmçinin Cey. Di. Vensin səfəri və Prezident İlham Əliyevin beynəlxalq təşəbbüslərdə iştirakı kontekstində yaranan yeni siyasi reallıqlar təhlil olunub. Müsahibəni təqdim edirik.

- ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens fevralın 10-da Azərbaycana səfər etdi. Bu səfərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik və strateji əməkdaşlıq baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ölkəni tərəfdaş və ya dost statusundan daha irəli apararaq, Donald Tramp administrasiyasının strategiyası ilə daha məqsədyönlü şəkildə uzlaşan ölkəyə çevirdi. Prezident Tramp dünyaya iqtisadi prizma ilə baxır. Bu yanaşma tez-tez Reyqan dövrünün “güc vasitəsilə sülh” siyasətinin yenilənməsi kimi təqdim olunsa da, praktikada “rifah vasitəsilə sülh” anlamına gəlir. O, müharibəyə insan həyatı sərf etməkdənsə, sabitliyi investisiya ilə təmin etməyin mümkünlüyünü daim vurğulayır. Bu baxış ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında da əks olunur və əsas ticarət marşrutlarının, eləcə də qlobal təchizat zəncirlərinin şaxələndirilməsini ön plana çıxarır.

- “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında münasibətlərin institusional və strateji səviyyədə yeni mərhələyə keçdiyini göstərir. Sizcə, bu sənədin regional təhlükəsizlik arxitekturasına, enerji və nəqliyyat dəhlizlərinə, eləcə də Azərbaycanın xarici siyasət prioritetlərinə mümkün təsirləri nədən ibarət olacaq?

- Yuxarıda qeyd etdiyim kimi, sabitliyi investisiya ilə təmin etməyin mümkünlüyü yanaşması Xartiyanın mətnində də öz əksini tapıb. Belə ki, Xartiyada bağlantılılıq sözü 13 dəfə, ticarət sözü 8 dəfə, iqtisadi sözü isə 8 dəfə işlədilib. Bu isə Tramp administrasiyası üçün iqtisadiyyatla təhlükəsizliyin məhz bu nöqtədə kəsişdiyini göstərir. Həmçinin vitse-prezidentin imzalanma mərasimində TRIPP planına sadiqliyini yenidən təsdiqləməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bağlantılılıq vasitəsilə sülhün möhkəmləndirilməsi təkcə sülh dividendi yaratmır, həm də bir növ sığorta mexanizmi rolunu oynayır. Regional infrastrukturda iqtisadi qarşılıqlı asılılıq dərinləşdikcə, bütün tərəflər, xüsusilə Azərbaycan sabitliyin qorunmasında birbaşa maraqlı olurlar. Çünki tam reallaşmış TRIPP layihəsinin pozulması ciddi iqtisadi nəticələr doğura bilər. Bu çərçivədə bağlantılılıq və rifah beynəlxalq təhlükəsizliyin alətlərinə çevrilir. Təhlükəsizlik aspektinə gəldikdə isə, Cey. Di. Vensin mətbuata açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanı tərk edən son qüvvələrdən biri olduğunu və qlobal terrorizmə qarşı mübarizəyə çox dəstək verdiyini qeyd etməsi, Azərbaycanın ABŞ-nin antiterror əməliyyatlarına verdiyi töhfələrin yüksək səviyyədə və gecikmiş tanınması kimi qiymətləndirilə bilər. Diqqət çəkən məqamlardan biri də ərazi sularının qorunması üçün Azərbaycana bəzi yeni qayıqların göndəriləcəyi vədi oldu. Bu planın çatdırılma vaxtı, sayı və əməliyyat nəzarəti kimi detalları hələ də qeyri-müəyyəndir. Bu gəmilər ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunacaqmı, necə təhvil veriləcək və neçə ədəd olacaq? Buna baxmayaraq, bu addım Xəzər dənizinin strateji əhəmiyyətinin artdığını göstərir. ABŞ regionda, xüsusilə İran və İsrail ilə bağlı gərginlik fonunda, daha görünən təhlükəsizlik mövcudluğuna ehtiyac görür. Məlumata görə, Xəzərdə ABŞ-nin daha fəal iştirak imkanları hələ əvvəlki administrasiya dövründə də müzakirə mövzusu olub.

- Prezident İlham Əliyev fevralın 20-də Vaşinqtonda Sülh Şurasının iclasında iştirakının Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional sülh gündəliyinin irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Eyni qaydada, Prezident Əliyevin Sülh Şurasının iclasında iştirakı ABŞ-ni Bakının nəzərində, sadəcə, tərəfdaş və ya böyük güc deyil, qlobal lider kimi mövqeləndirdi. Tramp administrasiyası regionda başqa heç bir böyük gücün bacarmadığını etdi, Azərbaycan və Ermənistan arasında sülhə nail oldu. 2020-ci ildə İkinci Qarabağ müharibəsini dayandıran atəşkəsə Rusiya vasitəçilik etmişdi, lakin tərəflər arasında davamlı sülhə nail ola bilməmişdi. Atəşkəs sənədinin 9-cu maddəsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tuturdu ki, bu da TRIPP çərçivəsinə bənzər idi. Rusiya eyni xidmətləri göstərməyə çalışsa da, prosesi sonadək həyata keçirə bilmədi. Avropa İttifaqı isə, xüsusilə Fransanın Bakıya qarşı kəskin bəyanatları fonunda, sülh prosesində səmərəli rol oynaya bilmədi. Bu kontekstdə ABŞ yalnız sülhə sadiqliyini ifadə etmədi, həm də onu reallaşdırdı. Avqust ayında keçirilmiş üçtərəfli sammit gələcək Sülh Şurası üçün əsas sınaq meydanı oldu. Hər iki lider ABŞ-nin qlobal liderliyinə sadiqlik nümayiş etdirdi və bu mövqeni qoruyub saxlayır. Bakı Sülh Şurasında Birləşmiş Ştatların hegemoniyasının təzahürü kimi deyil, ABŞ liderliyinin yeni dünya nizamında azsaylı effektiv təhlükəsizlik və geoiqtisadi çərçivələrdən biri olduğunu göstərmək üçün iştirak edir. Bu mənada Rusiya və Çin aparıcı liderlər kimi deyil, əsas tərəfdaşlar olaraq qalır. Azərbaycanın Çin rəhbərliyindəki Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlükdən kənarda qalması da bunu göstərir. Avropa İttifaqı ilə ABŞ arasında artan fikir ayrılığı da Azərbaycanın Vaşinqtona etimadını gücləndirib. Əvvəllər Qərbin Bakıya yanaşması koordinasiyalı idisə, indi daha çox ABŞ mərkəzlidir.

Qlobal səviyyədə Azərbaycanın Sülh Şurasında təmsil olunması Bakının kiçik dövlətdən orta gücə çevrilməsinin göstəricisidir. Şuranın digər üzvləri Argentina, Misir, Türkiyə və başqaları da orta güclərdir. Tramp administrasiyası dövründə Azərbaycan artıq regionun kiçik dövləti deyil, əsas regional oyunçuya çevrilib. Mövcud üzvlər ABŞ-nin dəniz nizamı üçün strateji əhəmiyyət daşıyır: Türkiyə Qara dəniz üçün, Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Fars körfəzi üçün, İndoneziya isə Sakit okean üçün. Azərbaycan isə bu çərçivədə Xəzər dənizinin aparıcı aktoru kimi mövqelənir və bundan sonra da Xəzərin təhlükəsizliyini, inteqrasiyasını, kommunikasiyasını və mobilliyini formalaşdırmağa davam edəcək.

 

Seçilən
1
3
azertag.az

4Mənbələr