AZ

AMEA nın iclasında alimlər niyə yatıb? İlginc SƏBƏB

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iclasında yuxulayan alimlərin fotoları cəmiyyətdə müzakirələrə səbəb olub. Bəziləri yaşlı alimlərin lağa qoyulmasını etik saymır və ağsaqqal, ağbirçək insanlara hörmətlə yanaşmağın vacibliyini vurğulayır. Digərləri isə 80 yaşı keçmiş şəxslərin hələ də akademiyada vəzifə tutmasının elmin inkişafına və gənclərin irəli çəkilməsinə mane olduğunu bildirir.

Bu cür fotoların yayılması nə dərəcədə doğrudur? Elm sahəsində nəsil dəyişikliyinin zamanıdırmı?

Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, AMEA toplumun yaddaşında zaman-zaman bir inzibati qurumdan daha üstün ünvan daşıyıb:

“O, milli elmi yaddaşın institusional ifadəsi olaraq çıxış edib. Orada əyləşən hər bir alim – istər 40, istər 80 yaşlarında olsun, fərq etməz – bir ömrün zəhmətini, axtarışını, bəzən də nümayişsiz fədakarlığını təmsil edir. Açığı, mən ağsaqqalı, ağbirçəyi lağa qoymaq, onu sosial şəbəkə istehzasına çevirmək kimi yanaşmaları doğru saymıram. Bu, bizim mənəvi kodumuza uyğun davranış sayıla bilməz. Kaş, yuxuya gedənlərimiz az olar və diqqəti cəlb etməzdi, amma müəyyən səbəblərdən yorğunluq, yaş faktoru, o cümlədən sağlamlıq səbəbləri də istisna deyil. Eyni zamanda, Ramazan ayındakı rejim dəyişikliyi də bəzi iştirakçılara müəyyən dərəcədə təsir etmiş ola bilər. Ayrı-ayrı insanlar yuxuya gedə bilər, əsas odur, bir millətin elmi təcrübəsi, işləkliyi yuxuya getməsin”.

Əkbər Qoşalı

Araşdırmaçı bildirib ki, zaman dəyişir və elm nəsil yenilənməsi ilə nəfəs alır:

“Yaşı 80-i keçmiş alimlərin təcrübəsi xəzinədirsə, gənclərin enerjisi də gələcəyin yatırımıdır. Xəzinə ilə gələcəyin yatırımı arasında bu günün adil yanaşmaları öz təsiri, funksionallığı ilə seçilməlidir. Əgər məsələni qara-ağ müstəvidə qoysaq, yaxud qeyri-səlis məntiqlə yanaşsaq, məsələ “ya bu, ya o” olmamalıdır, məsələ – körpü qurmaqdır. Yaşlı alimlər elmi rəhbərlik, müşavirlik, məktəb formalaşdırmaq missiyasını daşıyırsa, idarəçilik və operativ vəzifələrdə mərhələli şəkildə gənclərə yol açılması daha vacib addım olacaq. Bu, nə sayğısızlıqdır, nə də inkarçılıq, təbii elmi dövranın tələbidir. Tənqid olar, əlbəttə, islahat tələbi də olar, lakin o tənqid şəxsiyyətin ləyaqətini hədəfə almadan olarsa, daha kübar təsir bağışlayır.

Problem varsa, onu struktur səviyyəsində müzakirə etmək daha doğru olmazmı? Yəni fərdi linc etmək yolu ilə irəliləmək, yumşaq desəm, elə də yüksək əyar daşımır. Çünki bu gün istehza obyektinə çevrilən alim dünənin müəllimi, bu günün dərsliyi, sabahın istinadıdır. Nəticədə, nə ağsaqqalı, ağbirçəyi ələ salırmış kimi davranmaq, nə də gənclərin qarşısını bağlamaq doğrudur. Düzgün yol hörmətlə yenilənməkdir. Fikrimcə, bu, bir-iki ilin işi deyil, amma proses başlamalı və ardıcıl getməlidir. Ümid edirəm, cavanlaşma prosesi uzaq olmayan zaman zərfində arzuolunan səviyyəyə yetişəcək. Alim əsl alim olarsa, ortaya gerçək, danılmaz elmi nəticə qoyarsa, yaş gözə görünmür”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
50
globalinfo.az

10Mənbələr