AZ

AMEA iclasının yuxulu alimləri: "Yeni bir oyanışın başlanğıcı olar"

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Elmi mövzuların müzakirə edildiyi iclasda bir neçə alimin mürgülədiyi müşahidə olunub. Bu hal isə sosial mediada müzakirəyə gətirib çıxarıb. Hesab edilir ki, yaşlı nəsil artıq yorulub, elmin inkişafı üçün gənc alimlərin önünü açmaq lazımdır. Məlum görüntü isə gənc alimlərim elm sahəsinə qayıtmasını göstərir.


Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Hit.az-a açıqlamasında bildirib ki, fevralın 25-də keçirilən AMEA-nın illik fəaliyyət hesabatına həsr olunmuş Ümumi yığıncağından yayılan bəzi görüntülər sosial mediada geniş rezonans doğurmuş, elmi camiənin bugünkü durumu və gələcəyi ilə bağlı ciddi suallar ortaya çıxarıb:


"Hər nə qədər subyektiv yorğunluq halları fərdi amillərlə izah edilsə də, cəmiyyətin bu görüntülərə "elmin enerjisizliyi" kimi diaqnoz qoyması illərdir yığılıb qalan sistemli problemlərin bir təzahürüdür. Tədbirdə təqdim olunan məhsuldar hesabatlara rəğmən, vizual təəssüratın mənfi olması elmi mühitdəki "qocalma" tendensiyasının artıq gizlədilə bilməyən bir reallığa çevrildiyini göstərir. 

Mən həmin tədbirdə iştirak etmişəm. Qeyd edim ki, AMEA-nın 2025-ci ildəki fəaliyyətini əks etdirən kifayət qədər maraqlı və geniş hesabat təqdim olundu. Ola bilsin ki, bu tipli iclaslarda kiminsə hansısa yanaşması, çıxışındakı hansısa məqamlar hamını qane etməyə bilər, amma həqiqət naminə deməliyəm ki, ümumilikdə xeyli məhsuldar bir yığıncaq oldu. Konkret həmin tədbirdə də kimlərinsə yatdığını müşahidə etməsəm də ayrı-ayrı tədbirlərdə nəinki yaşlı, hətta orta nəslin nümayəndələrindən yatan insanlar görmüşəm. Əlbəttə iclaslarda yatmağın, mürgüləməyin yaxşı hal olmaması qənaətindəyəm. Bu həm də məsuliyyət anlamına gəlir. Amma yaşlı insanlardır, ola bilər kimsə yoğundur, səhətində hansısa  problemlər var, qəfil gözünü bir neçə saniyəlik yumub və s. səbəblər mümkündür".

Ekspert qeyd edib ki, bunu çəkib sosial mediada gülüş və lağ-lağa hədəfinə çevirmək, görüntülərə kobud ifadələrlə, təhqirlə münasibət ifadə etmək də nümunəvi davranış ola bilməz və mənəvi baxımdan qəbulolunmazdır:
"İllərini elmə vermiş insanların şəxsiyyətinə hörmət qorunmalıdır. Lakin ictimai rəydən doğan həqiqət illərlə hamımızın dediyi elmimizin qocalması tendensiyasıdır.  Elmimiz xeyli qocalıb. Bu qocalma təkcə yaş faktoru ilə yekunlaşmır, tədqiqatların keyfiyyətsizliyi, köhnəlmiş və aktual olmayan mövzulara təkrar-təkrar yer ayırmaqla, düşüncə tərzi ilə və müasir tendensiayalardan geri qalmaqla, elmi idarəetmədə bürokratik maneələrə sadiqliklə və digər arqumentlərlə şərtlənir. Elmin müasir çağırışlara cavab verməsi üçün idarəetmədə və tədqiqatlarda dinamik, beynəlxalq təcrübəyə malik gənc alimlərə daha çox yer verilməsi zəruridir. Bir çox hallarda gənc alimlərin küskünlüyünə, elmdən uzaqlaşmasına da bəzi yaşlı nəsil alimlər bais olublar".


Həmsöhbətimizin bildirib ki, dünya təcrübəsində alimlərin təqaüdə göndərilməsi və elmi fəaliyyətini davam etdirməsi məsələsinə yanaşma ölkədən-ölkəyə kəskin fərqlənir:
"Əsas fərq məcburi təqaüd və könüllü fəaliyyət arasındadır. Bir çox Avropa və Asiya ölkələrində alimlər üçün konkret yaş həddi müəyyən edilib. Bu, gənc kadrların yolunu açmaq və universitetlərdə ştatları yeniləmək məqsədi daşıyır. Məsələn, Almaniya və Fransada alimlər adətən 65-67 yaşlarında məcburi təqaüdə göndərilirlər. Böyük Britaniyanın Oxford və Cambridge kimi ənənəsi olan universitetlərdə 68-69 yaş həddi tətbiq olunur. Yaponiyanın əksər universitetlərdə təqaüd yaşı 65-dir, lakin xüsusi nailiyyəti olanlara 70 yaşa qədər icazə verilə bilər. Bəzi ölkələrdə alimlərin təqaüd yaşına liberal yanaşma mövcuddur və məcburi yaş həddi olmayan ölkələr tətbiq edilmir. Hətta alimləri yaşa görə işdən azad etməyin ayrı-seçkilik hesab olunduğu ölkələr də var. ABŞ və Kanada kimi ölkələrdə federal qanunlar məcburi təqaüd yaşını qadağan edir. Alimlər istəsələr 75-80 yaşlarına qədər, yaxud elmi qrantları və enerjiləri olduğu müddətcə laboratoriyalarında fəaliyyət göstərə bilərlər. Avstraliya və Yeni Zelandiyada alimlər öz istəkləri ilə təqaüdə çıxırlar".

İ.Orucov onu da əlavə edib ki, xaricdə yaşlı alimlərin təcrübəsindən yararlanmaq üçün onları tam fəaliyyətdən uzaqlaşdırmırlar, lakin rəsmi idarəetmədən kənarlaşdırırlar:
"Təqaüdə çıxan nüfuzlu alimə "Emeritus" adı verilir. "Emeritus" (latın dilindən tərcümədə "xidmətini başa vurmuş", "layiqli") — fəaliyyətini rəsmi olaraq dayandıran, lakin xidmətlərinə görə elmi dərəcəsini, titulunu və bəzi imtiyazlarını ömürlük saxlayan şəxslərə verilən fəxri addır. Bu statusun hüquqi mahiyyəti ondan ibarətdir ki, alimin işi artıq daimi ştat vahidi hesab olunmur və birbaşa vəzifə maaşlı əmək fəaliyyətini başa vurmuş sayılır. 


Bu da onun yerinə yeni, gənc bir mütəxəssisin işə götürülməsinə imkan yaradır. "Emeritus" statusu alan professor universitetin kitabxanasından, laboratoriyasından istifadə edə bilər, elmi rəhbər kimi çıxış edərək öz təcrübəsini gənclərə bölüşər, yəni ona münasibətdə qeyd olunan imtiyazlar saxlanılır. Həm də "emeritus" statusu alan professor inzibati işlərdən azaddır. O, artıq icbari dərslər tədris etmir və ya yorucu müzakirələrdə, saatlarla çəkən inzibati iclaslarda iştirak etmək məcburiyyətində deyil. Qısası, bu sistem yaşlı alimi elmdən qovmur, sadəcə onu inzibati yükdən azad edib məsləhətçi (mentor) mövqeyinə keçirir ki, gənclərin idarəetmədə yolu açılsın. Onun maaşlı ştatı və vəzifəsi gənc alimə verilir, lakin özünə universitetdə otaq, kitabxana və laboratoriya imkanları saxlanılır. Belə alimlər artıq inzibati işlərlə (məsələn, uzun iclaslarla) məşğul olmur, sadəcə gənclərə məsləhət verir və tədqiqatlarını davam etdirirlər”. 

Mütəxəssis onu da söyləyib ki, dünyada gənclərin önünün açılması üçün mexanizmlər var:
"Qərb universitetlərində gəncləşmə təkcə yaşla deyil, maliyyə ilə tənzimlənir, belə ki, universitetlər yaşlı alimlərə birdəfəlik böyük məbləğdə kompensasiya təklif edərək, onları yerlərini gənclərə verməyə təşviq edirlər. Maliyyə vəsaitləri daha çox innovativ və müasir layihələrə verildiyi üçün, yenilikdən geri qalan yaşlı nəsil təbii şəkildə rəqabətdə uduzur və meydanı gənclərə buraxır. Bizim cəmiyyətdə yaşlı insanlara həmişə xüsusi bir münasibət mövcud olub və xalqımızın genetik xüsusiyyətlərindən irəli gələn dəyərlərdən biri də məhz böyüklərə ehtiram, hörmət, qayğı mədəniyyətidir. Elmi-inzibati idarəetmədə isə reallıq tamamilə başqadır. Elmi-inzibati idarəetmə həm dərin elmi bilik, həm də çevik menecment bacarıqlarının sintezini tələb edir. Müasir dünya elmində və qabaqcıl tədqiqat mərkəzlərində uğurlu rəhbər üçün bir çox həlledici xüsusiyyətlər tələb olunur. 

Rəhbər strateji baxışa malik olmalıdır, o, elmin hara getdiyini, 5-10 il sonra hansı sahələrin prioritet olacağını proqnozlaşdırmağı bacarmalıdır. Müasir elmi idarəçi maliyyə səməriliyini tətbiq etməyi bacarmalı və beynəlxalq qrant layihələrinə vəsait cəlb etmək üçün iqtisadi mexanizmləri bilməlidir. Elmi idarəetmə çeviklik və rəqəmsal bacarıqlar tələb edir, burada, rəqəmsal idarəetmə sistemləri və texnoloji yenilikləri tətbiq etmək vacibdir. Komanda işi və əməkdaşlarda motivasiya yaratmaq, alimləri (xüsusilə gəncləri) sadəcə əmrlə deyil, elmi maraq və ədalətli iş mühiti ilə stimullaşdırmaq lazımdır. Beynəlxalq əməkdaşlıq qabiliyyəti rəhbər üçün olduqca önəmlidir. Xarici dil biliyi və beynəlxalq elmi şəbəkələrə çıxış müasir idarəçi üçün şərtdir. Müasir elmi müəssisə rəhbəri həm də yaxşı menecerlik qabiliyyətinə, zamana xüsusi önəm verən şəxs olmalıdır. Saatlarla davam edən, nəticəsiz və sadəcə görüntü yaradan iclaslar yerinə, konkret hədəfə yönəlmiş qısa və effektiv müzakirələr təşkil etmək . Və yekunda ədalətli və məsuliyyətli olmaq xüsusiyyəti ilə fərqlənməlidir".

Onun sözlərinə görə, bu məsuliyyət təkcə kollektiv qarşısında deyil, dövlət və cəmiyyət qarşısında da olmalıdır:
"Beynəlxalq təcrübədə və müasir idarəetmə standartlarında elmi-inzibati rəhbərlərin (institut direktoru, kafedra müdiri, dekan) dəyişməsi üçün rotasiya sistemi tətbiq edilir. Əksər dünya universitetlərində rəhbər vəzifələr 4 və ya 5 illik müddətə seçilir. Bu müddət rəhbərin öz proqramını həyata keçirməsi üçün kifayət sayılır. Demokratik elmi mühitlərdə bir şəxsin eyni vəzifədə ardıcıl olaraq maksimum 2 müddət (cəmi 8-10 il) qalmasına icazə verilir. 10 ildən sonra rəhbər mütləq dəyişməlidir. Bir şəxs eyni vəzifədə 10 ildən çox qaldıqda ideyaları tükənir və o, islahatçıdan çox mövcud vəziyyəti qoruyan mühafizəkara çevrilir. Uzunmüddətli rəhbərlik aşağıdan gələn enerjili gənclərin karyera yolunu bağlayır. 

Azərbaycan reallığında bir çox kafedra müdiri və ya elmi-tədqiqat institutu direktor 40-50 il eyni vəzifədə qalmaqla bərabər paralel bir neçə vəzifələri də idarə edir. Bu isə elmin şəxsi mülkə çevrilməsinə gətirib çıxarır. Elmdə yaşlı nəslə hörmət və qayğı xalqımızın mənəvi dəyəridir, lakin bu ehtiram elmi tərəqqini ləngidən amilə çevrilməməlidir. Elmin dinamizmini bərpa etmək üçün yaşlı alimlərin təcrübəsindən məsləhətçi-ekspert qismində yararlanmaq, idarəetmə sükanını isə beynəlxalq təcrübəyə malik, enerjili və müasir dünyagörüşlü gənclərə ötürmək lazımdır. Yalnız köklü rotasiya və status islahatları vasitəsilə biz elmi iclaslardakı mürgüləmə halını yaradıcı oyaqlıqla əvəz edə bilərik. Elmin enerjisi gənclikdə, müdrikliyi isə yaşdadır. Bu iki qüvvəni düzgün bölüşdürə bilsək, AMEA-dakı görüntülər elmin yuxusu deyil, yeni bir oyanışın başlanğıcı olar".

Günel

Seçilən
18
50
hit.az

10Mənbələr