"Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıya səfərinə və Xocalı Soyqırımı Memorialının açılışında iştirakına şahidlik etdik. Bu, bir daha Xocalıya ədalətin təmin olunmasının təntənəsi kimi qeyd olunmalıdır. Bir daha qələbəmizin, zəfərimizin nə qədər tarixi bir hadisə olması kimi qiymətləndirilməlidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.
"Prezident İlham Əliyev öz nitqində bir sıra məsələlərə toxundu. Amma mənə elə gəlir ki, milli-emosional baxımdan hamımızı kövrəldən və həm də qürurlandıran bir cümlə bizim ictimai yaddaşımıza yazılmış oldu. Prezident qeyd etdi ki, bu layihə olduğu kimi hazır idi, Bakı şəhərində yer də seçilmişdi, ancaq mən onu son anda həyata keçirilməsi üçün imzalamadım. Çünki içərimdə bir hiss var idi, sonra başa düşdüm ki, bu inam hissidir ki, biz bu layihəni Qarabağda tikə bilərik. Doğrudan da bu dövlət başçısının inamı, Azərbaycan xalqının inamı idi ki, nəticə etibarilə bu layihənin Bakıda deyil, məhz Xocalıda icra olunmasına gətirib çıxartdı. Mən elə gəlir ki, bu mənəvi baxımdan yüksək qiymətləndirilməli bir fikirdir. Çünki prezidentin ümidləri və inamı əslində Azərbaycan xalqının ümidləri və inamları idi", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI