Ağdamda 230-dan çox sakin "Böyük Qayıdış" proqramı çərçivəsində tibbi müayinədən keçib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) ixtisaslaşmış tibb heyəti rayon sakinlərinə yüksək səviyyəli tibbi xidmətlər göstərib.
Aksiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkil etməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində əhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbi yardım göstərməkdir.
Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya mütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və rentgen, Elektrokardioqrafiya (EKG), Exokardioqrafiya (ürəyin USM), ümumi ultrasəs müayinəsi (USM), Spirometriya (nəfəs funksiyasının qiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyin olunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.