Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin erkən aşkarlanması, əhalinin kompleks müayinələrdən keçirilməsi, tibbi konsultasiyaların verilməsi və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məqsədilə sistemli tədbirləri davam etdirir.
Bakıvaxtı.az xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə aksiya 27 fevral tarixində Ağdam rayonunda baş tutub.
Tədbir zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) ixtisaslaşmış tibb heyəti tərəfindən rayon sakinlərinə yüksək səviyyəli tibbi xidmətlər göstərilib.
Aksiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkil etməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyər xəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsində əhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbi yardım göstərməkdir.
Müayinələr İnstitutun xüsusi təchiz olunmuş səyyar klinikasında aparılıb. Modul avadanlıq konsepsiyasına əsaslanan bu mobil klinikalar tam diaqnostik avadanlıq dəsti ilə təchiz olunub və ucqar ərazilərdə belə keyfiyyətli tibbi xidmətin əlçatanlığını təmin edir.
Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya mütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və roentgen, Elektrokardioqrafiya (EKG), Exokardioqrafiya (ürəyin USM), ümumi ultrasəs müayinəsi (USM), Spirometriya (nəfəs funksiyasının qiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyin olunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.
Aksiyada 230-dan çox Ağdam sakini müayinədən keçib. Eyni zamanda, iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, simptomları, erkən aşkarlanmanın əhəmiyyəti və profilaktik tədbirlər (siqaret çəkməmək, tozlu mühitdən qorunmaq, vaxtında peyvəndlənmə və s.) barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş digər rayon və şəhərlərdə də bu cür səyyar müayinə və maarifləndirmə aksiyalarının davam etdirilməsi planlaşdırılır. Belə tədbirlər əhalinin sağlamlığını qorumaq və tibbi xidmətləri ən uzaq kəndlərə qədər çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.