Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.
Publika.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 22-ci turuna təsadüf edib.
Peşəkar Futbol Liqasınınn məlumatına görə, “Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.
İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Bunadək heç bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.