Sabah Avropa İttifaqının Energetika və Mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığının möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədilə Bakıya səfər edəcək.
Bu barədə Day.Az Avropa Komissiyasına istinadən məlumat verir.
Məlumata görə, o, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Şurasının 12-ci iclasına və "yaşıl enerji" üzrə Məşvərət Şurasının Nazirlər Şurasının 4-cü iclasına həmsədrlik edəcək.
Tərəfdaş hökumətlərin, institutların və şirkətlərin nümayəndələrini bir araya gətirən illik görüşlər strateji və qarşılıqlı faydalı enerji tərəfdaşlığı çərçivəsində görülən işlərin yekun qiymətləndirilməsi və birgə öhdəliklərin təşviqi məqsədini daşıyır.
"Azərbaycan Aİ-nin enerji təchizatının şaxələndirilməsi və Rusiyanın fosil enerji daşıyıcılarından imtina səylərində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükləri "REPowerEU" təşəbbüsünün məqsədlərinə uyğun olaraq Avropada daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təminatına töhfə verir. Bundan əlavə, Azərbaycanın zəngin bərpa olunan enerji resursları Avropa şirkətləri üçün geniş imkanlar və ölkənin iqtisadi inkişafı üçün yeni perspektivlər yaradır. Qeyd olunub ki, ümumi enerji təhlükəsizliyinin, rəqabət qabiliyyətinin və karbonsuzlaşdırma məqsədlərinin təmin edilməsi baxımından əməkdaşlığın gücləndirilməsi əsas prioritet olaraq qalır",- Avropa Komissiyasından bildirilib.
Bakıda komissar həmçinin Azərbaycan rəsmiləri, eləcə də Moldovanın energetika naziri Dorin Yunqhietu ilə ikitərəfli görüşlər keçirəcək.
Nazirlər Şuralarının iclasları başa çatdıqdan sonra Yorgensen və Şahbazov birgə mətbuat konfransı keçirəcəklər.