AZ

“Prezident İlham Əliyev Corc Buşa demişdi ki...” - Səfirin təşəkkürünə REAKSİYA

İran səfiri Müctəba Dəmirçilu bu gün Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycana təşəkkür edib. Səfir deyib ki, Azərbaycan dövləti və xalqına minnətdardır: “Bu çətin dövrdə Azərbaycan dövləti və xalqı rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib. Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə təşəkkür edirik. Biz hər zaman inanmışıq və Azərbaycan da ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək”.
Səfirin sözləri Tehranın nəhayət Azərbaycana inandığı və arxayınlaşdığı deməkdirmi?
İranınMilli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ müharibə başlamazdan öncə İran Prezidenti Məsud Pezeşekianla telefon danışında da ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu, Azərbaycanın mehriban qonşuluq siyasətinə sadiq qaldığı və heç bir zaman İran əleyhinə prosesdə iştirak etmədiyi və bundan sonra da bu siyasətin davam edəcəyini ifadə etmişdi. Xarici işlər naziri Ceyhun Bayramov da iranlı həmkarı ilə telefon danışığında bu fikirləri bildirmişdi: “İndi ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda da Azərbaycan xarici işlər naziri İran xarici işlər naziri ilə telefonla danışıb və Azərbaycanın heç bir zaman İrana qarşı prosesdə iştirak etməyəcəyini bəyan elədi. Azərbaycanın İranın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazılığını tanıdığı fikri telefon danışığında öz əksini tapıb. İranın Azərbaycandakı səfirinin fikirləri bir həqiqəti də ifadə edir ki, Azərbaycan Prezidenti İlham Əliyev düz 20 ildir həmin siyasəti uğurla həyata keçirir. Çünki 2006-cı ildə Prezident İlham Əliyevin ABŞ-yə ilk rəsmi səfəri olmuşdu. O zaman Ağ Evdə Corc Buş ilə danışıqlarda ABŞ-nin gələcəkdə İrana qarşı hərbi əməliyyatları və bu əməliyyatlarda Azərbaycanın ərazisindən istifadə məsələsi müzakirə olunmuşdu və bu zaman Prezident İlham Əliyev birmənalı şəkildə ABŞ Prezidentinə, həm də Ağ Ev qarşısında brifinq keçirərək bütün media nümayəndələrinə bəyan etmişdi ki, heç bir üçüncü dövlət Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı hərbi əməliyyata başlaya bilməz. İlham Əliyev bu prinsipial mövqeyi düz 20 il öncə ifadə etmişdi və 20 ildir həmin siyasətə sadiqdir. Bunu İranda da çox gözəl bilirlər. Azərbaycanın tərəfdaşları da gözəl bilirlər ki, Azərbaycan Prezidentinin sözü imzası qədər gücə malikdir. Ona görə də hesab edirəm ki, İranın səfirinin fikirləri reallığa söykənir, Azərbaycan sınaqdan çıxmış dostlardandır. Heç bir zaman imkan verməz ki, milyonlarla soydaşımızın yaşadığı qonşu dövlətə qarşı onun ərazisindən istifadə edilsin”.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
25
50
musavat.com

10Mənbələr