AZ

Sələmçi qadını 23 bıçaq zərbəsi ilə öldürən eks-kürəkən: “Borc pulu qaytarmadığıma görə məni təhqir etdi” – CİNAYƏTİN DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində sələmçi qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

 

İttihama əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş – xüsusi amansızlıqla adam öldürmə cinayətini törətməkdə təqsirli bilinib.

 

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Elçin Vəliyev əvvəllər qeyri-rəsmi nikah münasibətlərində yaşadığı S.S.-in (adı, soyadı şərtidir) anası, zərərçəkmiş Təravət Cəfərxanovadan 2025-ci ilin fevral-avqust ayları ərzində hissə-hissə borc pul götürüb. Həmin vəsaitin bir qismi – 3 000 ABŞ dolları – Mərkəzi Bankının müvafiq dövrlər üzrə məzənnəsinə uyğun olaraq 5 100 manat təşkil edib. Ümumilikdə isə aldığı məbləğ 8 700 manat olub.

 

Razılaşmaya əsasən, borc məbləği tam qaytarılanadək hər ay 20 faiz ödəniş edilməli idi. Faizlə birlikdə yaranmış ümumi borc 13 500 manata çatıb. Təqsirləndirilən şəxs bir neçə ay ödəniş etsə də, maddi imkanının zəif olması səbəbindən sonradan ödənişləri dayandırıb.

 

İttihama görə, Təravət Cəfərxanova dəfələrlə, o cümlədən 05 sentyabr 2025-ci il tarixdə səhər saatlarında telefonla ona zəng edərək borcun qaytarılmasını tələb edib və təhqiramiz ifadələr işlədib. Həmin gün saat 10:40 radələrində Elçin zərərçəkmiş şəxsin yaşadığı evə gəlib. O, borcun qaytarılması üçün möhlət istəsə də, qadın razılaşmayaraq həmin gün ərzində pulu vermədiyi təqdirdə onu rüsvay edəcəyini bildirib və yenidən təhqir edib. Təqsirləndirilən şəxs borcu ödəməkdən yayınmaq və ümumiyyətlə qaytarmamaq məqsədilə Təravət Cəfərxanovanı tamah niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. O, əvvəlcədən özü ilə gətirdiyi mətbəx bıçağını cibindən çıxararaq qadına çoxsaylı zərbələr endirməyə başlayıb. Təravət Cəfərxanova pulunu istəmədiyini bildirərək onu öldürməməsini xahiş edib, yalvararaq aktiv müqavimət göstərib. Lakin Elçin onun yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və işgəncə verdiyini dərk edə-edə, müstəsna qəddarlıq və rəhmsizliklə həyati əhəmiyyətli orqanlara qısa fasilələrlə ardıcıl bıçaq zərbələri endirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Təravət Cəfərxanovaya sol çənə bucağı və boyun kökünün sol yarısı nahiyəsindən döş qəfəsinə nüfuz edən, divararalığının zədələnməsi və travmatik pnevmotoraksla müşayiət olunan, nəticədə ağciyərlərin travmatik pnevmoniyası və kəskin tənəffüs çatışmazlığına səbəb olan, yetirilmə anında həyat üçün təhlükəli hesab edilən bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Bu xəsarət bilavasitə ölümə səbəb olub.

 

Bununla yanaşı, zərərçəkmişin bədəninin müxtəlif nahiyələrində – alt dodaq, sağ yanaq, sağ çənə cismi, boyun, sol çiyin qurşağı, sol bazu, döş qəfəsinin ön səthi, sol əl və barmaqlar daxil olmaqla ümumilikdə 23 ədəd müxtəlif dərəcəli deşilmiş-kəsilmiş və səthi kəsilmiş yara xəsarətləri müəyyən edilib. Onların bir qismi sağlamlığı qısa müddətə pozan yüngül zərər, bir qismi isə dərəcəsi təyin olunmayan səthi xəsarətlər kimi qiymətləndirilib.

 

Hadisədən sonra Elçin Təravət Cəfərxanovanın öləcəyini dərk edərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş şəxs qonşuların köməyi ilə əvvəlcə başqa tibb müəssisəsinə, daha sonra isə “Avrasiya Hospital”a yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, o, aldığı xəsarətlər nəticəsində 26 oktyabr 2025-ci il tarixdə saat 21:35-də orada vəfat edib.

 

Toplanmış sübutlar əsasında məhkəmə Elçin Vəliyevin əməlini tamah məqsədi ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib və onu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə istintaqında Elçin Vəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsdən faizlə borc götürüb və ilkin dövrlərdə borcunu vaxtlı-vaxtında ödəyib. Lakin sonradan işlərində yaranmış problemlər səbəbindən ödənişləri davam etdirə bilməyib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Təravət Cəfərxanova bu səbəbdən ona mütəmadi zəng edərək təhqiramiz ifadələr işlədib, söyüş söyüb: “Mən isə ona borcumu qaytaracağımı bildirdim və bu cür davranışlara son qoymasını xahiş etdim”.

 

Elçin qeyd edib ki, hadisə günü səhər saatlarında zərərçəkmiş şəxsin evinə gedərək ondan 1-2 ay möhlət istəyib və borcunu ödəyəcəyini deyib: “Qapıdan çıxaraq getmək istəyərkən Təravət Cəfərxanova mənə qarşı nalayiq ifadə işlədi. Həmin ifadənin təkrar olunmamasını tələb etdim, lakin o, eyni sözləri yenidən təkrarladı”.

 

Təqsirləndirilən bildirib ki, bu zaman özündən asılı olmayaraq onu bıçaqla vurub. Sonra o, 6-cı polis bölməsinə gedərək 2-3 bıçaq zərbəsi vurduğunu etiraf etdiyini və könüllü təslim olduğunu söyləyib: “Polis əməkdaşları mənə Təravət Cəfərxanovaya ümumilikdə 14 bıçaq zərbəsi vurduğumu dedilər”.

 

İfadəsində o, üzərində daimi olaraq mətbəx təyinatlı, qara dəstəkli, qatlanmayan düz bıçaq gəzdirdiyini, həmin bıçaqdan meyvə doğramaq üçün istifadə etdiyini deyib. Bildirib ki, zərərçəkmiş şəxsi məhz təhqiramiz ifadələrə görə bıçaqlayıb.

 

Elçin həmçinin qeyd edib ki, Təravət Cəfərxanovanın qızı ilə əvvəllər qeyri-rəsmi münasibətdə olub və həmin münasibətdən bir qızı dünyaya gəlib. O, zərərçəkmiş şəxsdən illər əvvəl də borc aldığını, ilk borcun təxminən 8-9 il əvvəl verildiyini bildirib. Daha əvvəl aldığı borcları tam qaytardığını, sonuncu dəfə isə 2025-ci ildə 7 400 manat borc götürdüyünü deyib.

 

Onun sözlərinə görə, əsas məbləğdən əlavə 15-20 faiz aylıq ödəniş etməli olub və hər ay 1 400-1 800 manat arası müxtəlif məbləğlər ödəyib. Təxminən 11 ay ərzində ödəniş etdiyini, hadisə gününə qədər aldığı məbləğdən daha artıq pul qaytardığını iddia edib. Qalan borcun təxminən 11 000 manat olduğunu deyib.

 

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən 5-10 gün əvvəl Təravət Cəfərxanova onu daha intensiv şəkildə təhqir etməyə başlayıb, sms və səsli mesajlarla hədələyib, borcu ödəməsə onu rüsvay etdirəcəyini və tutduracağını deyib. O isə bu hərəkətlərə son qoydurmaq və möhlət almaq məqsədilə evə getdiyini bildirib.

 

İfadəsinə görə, hadisə zamanı zərərçəkmiş şəxs ayaqüstə olub, ardıcıl bıçaq zərbələri endirilsə də yerə yıxılmayıb. O, zərbələrin sayını dəqiq xatırlamadığını, lakin zərərçəkmişin “vurma” deyərək aman diləməsindən sonra da ona bıçaq zərbəsi endirdiyini etiraf edib.

 

Təqsirləndirilən şəxs əlavə edib ki, hadisə yerinə taksi ilə gedib, bıçağı orada ataraq uzaqlaşıb və təxminən 1 kilometr məsafədə yerləşən polis idarəsinə piyada gedərək təslim olub. Onun sözlərinə görə, həmin vaxt ayıq olub və spirtli içki qəbul etməyib.

 

Elçin eyni zamanda qeyd edib ki, Təravət Cəfərxanovanı bıçaqlanarkən qışqırsa da, köməyə gələn olmayıb. Hadisənin küçədə, qapının yanında baş verdiyini, zərərçəkmişin şüurunun yerində olduğunu və özünün ayağa qalxaraq evə daxil olduğunu bildirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov


Seçilən
99
34
azia.az

10Mənbələr