AZ

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiyanın Tehrandakı səfirliyi rusiyalıların İrandan çıxarılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.

Aktual.az-ın xəbərinə görə, bu barədə səfirlik öz "Telegram" kanalında paylaşım edib.

"İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları Astara dövlət sərhədindən keçid məntəqəsindən keçməyə davam edirlər. Azərbaycanın hakimiyyət orqanlarına, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə göstərdikləri köməyə və davamlı dəstəyə görə təşəkkür edirik", - deyə paylaşımda bildirilib.

Səfirlik, həmçinin bu məsələdə göstərdiyi köməyə görə İran tərəfinə də təşəkkürünü ifadə edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Seçilən
10
3
ulusum.az

10Mənbələr