AZ

Rəsmi açıqlama: Müəllimlərə 10% güzəşt ediləcək!

Azərbaycan təhsil sistemində müəllimlərin və digər təhsil işçilərinin sosial rifahının və peşəkar inkişaf imkanlarının artırılması hər zaman prioritet məsələlərdən biridir. Müasir dövrdə təhsil sahəsində effektiv inkişaf yalnız dövlət resursları ilə deyil, həm də özəl sektor və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə mümkündür. Bu əməkdaşlıqlar yeni texnoloji həllərin tətbiqini, maliyyə inklüzivliyinin təmin olunmasını və təhsil işçilərinin gündəlik həyatını asanlaşdıracaq çoxfunksiyalı imkanların yaradılmasını mümkün edir.

Belə təşəbbüslər, eyni zamanda, təhsil işçilərinin motivasiyasının yüksəldilməsinə, onların sosial təminatının gücləndirilməsinə və ölkə təhsil sisteminin dayanıqlı inkişafına birbaşa təsir göstərir.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli bildirib.

Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində artıq növbəti mərhələyə start verilib.

Martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Nicat Məmmədli həmçinin tətbiq edilən yeniliyə əsasən müəllimlərə ictimai nəqliyyatdan istifadə də 10 faizlik güzəşt imkanı yaradılacağını qeyd edib.

Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib. O bildirib ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, TəhsilPlus kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.

Seçilən
6
9
aznews.az

10Mənbələr