ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqində növbəti mərhələyə start verilib.
AZXEBER.COM xəbər verir ki, martın 4-də keçirilən "TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.
Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib. O bildirib ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək, onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, TəhsilPlus kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.
"Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam etdiklərini qeyd edib.
Rəsmi çıxışların ardınca, TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin "Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.
Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov TəhsilPlus kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.
Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.
Sonda sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş, fəaliyyətləri ilə seçilən müəllimlərə TəhsilPlus kartları təqdim olunub. Müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.
Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.