AZ

“İran hamını özünə düşmən etmək istəyir” – Naxçıvana HÜCUMA reaksiya

“Bu, yolverilməz, olduqca radikal bir gedişdir. Çünki Azərbaycanın məramı bəllidir. Biz heç vaxt imkan verməmişik ki, ərazimizdən istifadə etsinlər – söhbət burada ABŞ-dən də, İsraildən də, digər ölkələrdən gedir”.  

Bu fikirləri politoloq Tofiq Abbasov Musavat.com-a deyib.

O, Naxçıvan aeroportuna dronla hücuma belə reaksiya verib: "Əgər İran tərəfi iddia edirsə ki, bu, təsadüf nəticəsində baş vermiş bir insidentdir. Mən buna sadəcə inanmıram. Çünki birdən-birə iki dronun eyni strateji obyektə dəyməsi təsadüf sayıla bilməz. Bu cür əməliyyatlar əvvəlcədən dəqiq hesablanır, məsafə ölçülür, obyekt müəyyən edilir və yalnız bundan sonra dronlar buraxılır və ya atəş açılır.

Azərbaycan tərəfinin narazılığı da tam aydındır. Hətta demək olar ki, biz hələ kifayət qədər mülayim davranırıq. Çünki bu hadisə həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün pozulması deməkdir.

Digər tərəfdən, Azərbaycan tərəfindən İrana qarşı heç vaxt təhdid olmayıb. Biz heç vaxt icazə verməmişik ki, üçüncü qüvvələr Azərbaycan ərazisindən istifadə edərək İrana qarşı hər hansı xoşagəlməz hərəkət etsinlər. İran tərəfi bunu çox yaxşı anlayır.

Belə bir münasibət fonunda onların bu cür addım atması başa düşülən deyil və açıq şəkildə təxribat xarakteri daşıyır. Mən bunu hətta hüquqi baxımdan dövlət terroru kimi də qiymətləndirərdim. Çünki belə addımların arxasında dayanmaq üçün ciddi məsuliyyət tələb olunur.

Üstəlik, İran hazırda bir çox ölkələrlə münasibətlərini gərginləşdirir, demək olar ki, bütün qonşularına qarşı müxtəlif təhdidlər yaradır. Halbuki Azərbaycan heç vaxt İrana problem yaratmayıb, əksinə, münasibətlərdə həmişə konstruktiv mövqe sərgiləyib.

Bu baxımdan İran tərəfi ciddi şəkildə izah verməli, üzr istəməli və baş verənlərin səbəblərini aydınlaşdırmalıdır. Yalnız bundan sonra bu hadisənin həqiqətən də hansısa hərbi komandirin özbaşınalığı, yaxud texniki səhv nəticəsində baş verdiyinə inanmaq olar.

Çünki Naxçıvan istiqamətində İranın düşmən hesab etdiyi başqa bir ölkə yoxdur. Əgər belə qüvvələr varsa belə, onlar əsasən cənub istiqamətindədir. İraqdan başlayaraq Hörmüz boğazına qədər olan ərazilərdə İranın müxtəlif vaxtlarda atəş açdığı və hərbi əməliyyatlar apardığı ölkələr mövcuddur".

Qeyd edək ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır: “5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
97
50
musavat.com

10Mənbələr