İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın mənbələr Naxçıvan istiqamətində baş verdiyi iddia olunan dron hücumu ilə bağlı sərt bəyanat yayıb.
NOCOMMENT.az xəbər verir ki, yayılan məlumatda hücumun “Arash-2” pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi iddia olunur.
Bəyanatda qeyd edilir ki, pilotsuz uçuş aparatı Naxçıvan hava limanının guya İsrail və ABŞ zabitlərinin fəaliyyət göstərdiyi iddia edilən hissəsini hədəfə alıb.
“Naxçıvan hava limanına – xüsusilə də sionist rejim və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Arash-2” pilotsuz uçuş aparatı olub və həmin məntəqə darmadağın edilib”, – deyə bəyanatda iddia olunur.
Mənbə əlavə edib ki, istifadə olunduğu bildirilən “Arash-2” pilotsuz uçuş aparatı yüksək məhvetmə gücünə malikdir.
Bəyanatda dronun təxminən 120 kiloqramlıq döyüş başlığı daşıdığı və İran ordusunun quru qoşunları tərəfindən istifadə edilən zərbə vasitələrindən biri olduğu qeyd edilib.
SEPAH-a yaxın mənbələr həmçinin bildiriblər ki, bu hücum guya rəsmi Bakıya yönəlik xəbərdarlıq xarakteri daşıyıb.
“Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”, – deyə yayılan bəyanatda qeyd olunur.
Qeyd edək ki, İran tərəfi daha əvvəl Naxçıvan istiqamətində baş verən dron insidentində rəsmi Tehranın iştirakını rədd etmiş və hadisənin araşdırılmalı olduğunu bildirmişdi.
Hadisə ilə bağlı rəsmi qurumların açıqlamaları və insidentin təfərrüatları ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.
Əli Səfərli,
NOCOMMENT.az