“İran dövləti artıq başını itirib”.
Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, İran onun üçün bəlkə də ən yaxın dövlət olan Azərbaycana qarşı xain dron hücumu həyata keçirib:
“İran Beynəlxalq Millətlər Təşkilatının (BMT) nizamnaməsini, həmçinin bütün beynəlxalq hüquq normalarını pozub. Onlar suveren dövlətin ərazisinə dron hücumu ediblər. Bu, qudurmuşluqdur.
Onlar buna görə Azərbaycandan ən azından ya üzr istəməlidirlər, ya da, Azərbaycan tərəfi bu həyasızlığa qarşı öz cavabını verməlidir.
İranla bağlı BMT-nin Təhlükəsizlik Şurasına və digər beynəlxalq təşkilatlara şikayət etmək lazımdır. Qarşıda İranı onsuz da çox çətin günlər gözləyir. Həmin çətin günlərdə Azərbaycan dövləti onlara yardımçı ola bilərdi, amma indi əksinə, Azərbaycan İranla bağlı əlində olan faktlardan istifadə edəcək.
Lazım gələrsə, Azərbaycan öz hərbi gücündən də istifadə edərək İranın gələcək taleyi ilə bağlı məsələlərdə, eyni zamanda 42 milyon azərbaycanlının birləşməsi ilə bağlı öz maraqlarına uyğun mövqe tuta bilər", - deyə Q.Hüseynli əlavə edib.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, dörd nəfər xəsarət alıb.
Murad İbrahimli