“Regnum” və “i24News” kanalının iddialarına görə, İraqdakı kürd qüvvələri İran ərazisinə quru hücumu edib. Məlumata əsasən, bazar ertəsindən bəri minlərlə kürd döyüşçü İran daxilində mövqe tutur.
Hafta.az yazır ki, lakin kürd qrupları bu iddiaları təkzib edib və İran da heç bir sərhəd pozuntusu baş vermədiyini açıqlayıb.
İraq Kürdüstan Demokrat Partiyası (KDP-I) “Rudaw”a verdiyi açıqlamada bildirib: "Qüvvələrimizdən heç biri İran ərazisinə girməyib, biz bu iddiaları rədd edirik". İraq Kürdüstanının İnqilabçı İşçi Qrupu (Komele) oxşar açıqlama verərək deyib: "Qüvvələrimizin İrana daxil olması və yerləşməsi ilə bağlı şayiələr doğru deyil".
İraq Kürdüstan Regional Hökumətinin (İKRG) rəsmisi Əziz Əhməd özünün X hesabında "Heç bir İraq kürdünün sərhədi keçmədiyini" bildirərək iddiaların "tamamilə yalan" olduğunu əlavə edib.
İranın yarı-rəsmi xəbər agentliyi “Tasnim” “Fox News” və bəzi beynəlxalq media orqanlarının "kürd milislərinin İraqdan İrana daxil olması" iddialarını yalanlayıb. Agentlik sərhəd bölgələrindəki öz müxbirlərinə istinadən xəbərlərin yalan olduğunu və "hər hansı bir yaraqlının sərhədi keçməsi ilə bağlı heç bir xəbərin olmadığını" bildirib.
Əvvəllər ABŞ mediası Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda üsyan qaldırmaq üçün kürd qruplarını silahlandırmağa çalışdığını bildirmişdi. CNN-in məlumatına görə, bir çox mənbə MKİ-nin kürd qüvvələrini silahlandırmaqla İranda xalq üsyanını başlatmağı hədəflədiyini bildirib.
"Wall Street Journal"a verdiyi müsahibədə ABŞ rəsmiləri Prezident Donald Trampın İrandakı rejimi devirmək üçün silahlanmağa hazır olan qrupları dəstəkləməyə açıq olduğunu bildiriblər.
Lakin Ağ Evin sözçüsü Karolin Livitt iddiaları təkzib edərək bildirib ki, "Trampın belə bir planı təsdiqlədiyi iddia edilən xəbərlər tamamilə yalandır". Livitt əlavə edib: "Prezidentin regiondakı tərəfdaşlar, müttəfiqlər və liderlərlə çoxsaylı telefon danışıqları apardığını təsdiqləyə bilərəm. Lakin Prezidentin belə bir planı təsdiqlədiyi iddia edilən xəbərlər tamamilə yalandır".
ABŞ-ın müdafiə naziri Pit Heqset də oxşar açıqlama verərək deyib: "Deyə biləcəyim tək şey odur ki, məqsədlərimizin heç biri müəyyən bir qüvvəni dəstəkləməyə və ya silahlandırmağa əsaslanmır".
Ekspertlər vurğulayırlar ki, İrandakı kürd qrupları rejimi devirmək gücünə malik deyil. Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Dr. İsmayıl Sarının sözlərinə görə, "Bu qruplar rejimi devirməyə və ya mərkəzi nəzarəti ələ keçirməyə imkan verəcək demoqrafik və ya sosioloji üstünlüyə malik deyillər. Onlar mərkəzə münasibətdə daha çox marjinal qruplara bənzəyirlər".
İRAM Mərkəzinin təhlilinə görə, kürd silahlı qrupları arasında dərin ideoloji parçalanma və strateji baxış fərqləri kollektiv və əlaqələndirilmiş silahlı üsyan üçün lazım olan strateji birliyin əldə edilmədiyini göstərir.
Bu arada, İran İnqilab Keşikçiləri Korpusu Şimali İraqdakı İran kürd qruplarının bazalarına və qərargahlarına raket və pilotsuz təyyarə hücumları etdiyini açıqlayıb. Bəyanatda Komele və digər İran əleyhinə kürd separatçı qruplarının mövqelərinin məhv edildiyi bildirilir.
PAK sözçüsü Xəlil Sənani İranın raket hücumunda təşkilatın bir üzvünün öldürüldüyünü və üç nəfərin yaralandığını açıqlayıb. PDKI komandiri Məhəmməd Nazif Kader də düşərgələrinin "pilotsuz təyyarə və raketlər" tərəfindən vurulduğunu təsdiqləyib. Toqquşmalardan cəmi altı gün əvvəl- fevralın 22-də İranda fəaliyyət göstərən beş silahlı kürd qrupu "İran Kürdüstanı Siyasi Qüvvələri Koalisiyası"nı yaratmaq üçün bir araya gəlib. Koalisiyaya Kürdüstan Azad Həyat Partiyası (PJAK), İran Kürdüstan Demokrat Partiyası (KDP-I), Kürdüstan Azadlıq Partiyası (PAK), Kürdüstan İşçi İcması (Komele) və İran Kürdüstan Mübarizə Təşkilatı daxil idi. Koalisiyanın məqsədi "İslam Respublikası rejiminə qarşı mübarizə aparmaq idi.
Lakin ekspertlər qeyd edirlər ki, bu koalisiyanın ABŞ-İsrail hücumundan dərhal əvvəl qurulması, bu formalaşmanın strateji mövqe tutma və xarici inkişaflara hazırlıq olub-olmadığı ilə bağlı analitik şübhələri artırır.