AZ

Yol verilmiş intizam pozuntularına görə 1 vəkil xaric edilib, 3 vəkil barəsində cərimə tədbiri tətbiq olunub

2026-cı il martın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə ətraflı məlumat verib, habelə qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlara möhkəm cansağlığı, səadət və işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Gündəliyə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, yeni Vəkil Bürosunun təsis edilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və yaranmış borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər müzakirə edildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul olunub.

 

Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ADA Universiteti tərəfindən daxil olmuş müraciətə baxılıb. Hüquq fakültəsinin tələbələrinin beynəlxalq səviyyədə təmsilçiliyinin və praktiki biliklərinin artırılmasının əhəmiyyəti nəzərə alınaraq, müvafiq maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar qəbul edilib.

 

Bununla yanaşı, iclasda “Vəkillərin peşə hazırlığı və ixtisasının artırılması haqqında” Qaydaların, VK Tədris Mərkəzinin Əsasnaməsinin təsdiqi məsələsi müzakirə olunub. Qeyd edilən sənədlərin vəkillərin davamlı peşə inkişafının təmin olunmasına, tədris prosesinin sistemli və vahid standartlar əsasında təşkili məqsədinə xidmət etdiyi bildirilib və onların təsdiqi qərara alınıb.

 

Eyni zamanda Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə bağlı illik statistik hesabatın dərc olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra hesabatın ictimaiyyətə təqdim edilməsi qərara alınıb.

 

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Kollegiyanın 12 üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbul olunub.

 

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Qəbul edilmiş qərarlara əsasən, yol verilmiş intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 3 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 1 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

 

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

Tarix: 6 Mart 2026, 10:02   
Seçilən
18
3
pravda.az

8Mənbələr